Qazax şəhərində velosiped idmanı üzrə Federasiya Kuboku yarışı baş tutub.
Apasport.az xəbər verir ki, yarışda 150-dən çox idmançı mübarizə aparıb.
Açılış mərasimi Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxışında “İdman Paytaxtı” seçilən rayonda il ərzində çoxsaylı yarışların keçirildiyini, Federasiya Kubokunun isə bölgədə velosiped idmanının inkişafına töhfə verəcəyini bildirib.
Azərbaycan Velosiped İdmanı Federasiyasının icraçı vitse-prezidenti Fikrət Hüseynov isə yarışın bölgələrdə velosiped idmanına marağın artırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Qazaxın mərkəzi küçələrində keçirilən yarışda respublikanın müxtəlif bölgələrini təmsil edən oğlan və qız idmançılar 5 km məsafəyə qrup ötüşməsində qüvvələrini sınayıblar. Yarış proqramına Qazax rayonunun yeniyetmə həvəskar velosipedçiləri üçün ayrıca yarış da daxil edilib.
Altı kateqoriya üzrə qalib və mükafatçılar medal, diplom və kuboklarla təltif olunublar.