Yanvarın 24-də Fransanın paytaxtı Parisdə 2020-ci il mövsümünün ilk Karate1 Premyer Liqa turnirinə start veriləcək.
Azərbaycan Karate Federasiyasından apasport.az saytına verilən məlumata görə, 3 gün davam edəcək yarışda Azərbaycan yığması 15 idmançı ilə təmsil olunacaq.
Kumite üzrə kişilərdən ibarət milli komandanın baş məşqçisi Bahəttin Kandaz və böyük məşqçilər Şahin Xudaverdiyevlə Rəşad Hüseynov, eləcə də qadınlar milli komandasının baş məşqçisi Denis Morozovun rəhbərliyi altında turnirdə Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (hər ikisi 84 kq), Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (+68 kq) mübarizə aparacaqlar.
Kata üzrə baş məşqçi Vahid Ayvazov isə Roman Heydərov (fərdi), həmçinin Tural Balcanlı, İsmayıl Quliyev və Rövşən Əliyevin (komanda) yarışda çıxış etməsinə üstünlük verib. Dünya Karate Federasiyasının (WKF) ən nüfuzlu liqa yarışının Paris mərhələsini idarə edən referilər arasında beynəlxalq hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da olacaq.
Fransadakı turnirdə 92 ölkədən 703 karateçi yarışacaq. İdmançılar hər qələbəyə və medalların əyarına əsasən dünya reytinqi ilə yanaşı, olimpiya reytinq xalları da qazanacaqlar. Parisdə həmçinin ötən mövsümün yekununa əsasən fərqlənən karateçilərə "Grand Winners" mükafatları təqdim olunacaq. Mükafatçılar arasında məşhur Azərbaycan idmançıları Rafael Ağayevlə (75 kq) İrina Zaretska (68 kq) da var.
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək
- Azərbaycan İdman Rəqsləri Federasiyasının yeni prezidenti seçilib
- Yevlax 2027-ci il üçün Azərbaycanın "İdman Paytaxtı" seçilib
- Olimpiyaçılarımızın aşılanmaya məruz qalan medallar yenisi ilə əvəz edilib