“Araz-Naxçıvan” Azərbaycan çempionatlarının yüksək dəstəsində 150-ci qolunu vurub.
Apasport.az xəbər verir ki, yubiley Misli Premyer Liqasının V turunda qeydə alınıb. “Turan Tovuz”un futbolçusu Emmanuel Hakmanın avtoqolu Naxçıvan təmsilçisinin yüksək dəstədəki 150-ci qolu olub.
2:2 hesabı ilə başa çatan görüşdə daha bir dəfə fərqlənən “Araz-Naxçıvan” 152-ci oyununda qol sayını 151-ə çatdırıb. Bu toplardan 80-i evdə, 71-i isə səfərdə vurulub.
“Araz-Naxçıvan” yüksək dəstə tarixində 150 və daha çox qol vuran 26-cı komanda olub.
Qeyd edək ki, klubun yüksək dəstədəki ilk qolu 2000/01 mövsümündə vurulub. 2000-ci il avqustun 20-də keçirilən görüşdə İlham Allahyarov fərqlənib.