Azər Bağırov: “Uduzmağı bacarmaq lazımdır”
10.04.2026 - 18:22
Azər Bağırov: “Uduzmağı bacarmaq lazımdır”

Misli Premyer Liqasının XXVII turunda "Karvan-Yevlax" "Kəpəz"i məğlub edib - 4:1.

Apasport.az xəbər verir ki, matçdan sonra Gəncə təmsilçisinin baş məşqçisi Azər Bağırovun mətbuat konfransı keçirilib.

"Bu gün itkilərimiz var idi. Rotasiyalar etsək də, alınmadı. "Qarabağ"la oyundan sonra komandanı tanıya bilmirəm. "Qəbələ" ilə matçda da bəsit qollar buraxdıq. İrəli baxmaq lazımdır".

- Hesabın böyük olması barədə nə deyə bilərsiniz?
- Mərkəz müdafiəçisi və cinah müdafiəçisi mövqeyində problem var idi. Deyirlər əvəzolunmaz futbolçu yoxdur. Amma bizdə Dioqo Verdaskanın yoxluğu hiss olunur. Məğlubiyyətin əsas səbəbi oyunçu çatışmazlığıdır. Bir futbolçu olmayanda onun yerini doldurmaq üçün gedişlər edirik.

- Bugünkü məğlubiyyət komandaya qarşıdakı oyunlarda təsir göstərə bilər?
- Mən "Kəpəz"ə gələndə komandanın 7 oyundan sonra 0 xalı var idi, xaos vəziyyəti idi. Şükürlər olsun ki, bu gün sonuncu yerdən çox qabaqdayıq. Oyunçu itkisi bizə çox böyük təsir edir. Bunun psixoloji təsiri də var. Qarşıdakı oyunlara köklənmək lazımdır. Uduzmağı bacarmaq lazımdır, amma baxır necə. Düşünürəm ki, daha yaxşı olacağıq.

- Ohorinin oynamamasının səbəbi nədir?
- Komanda ilə bir gün məşqə çıxıb. Onu itirmək istəmədim. Ohori qarşıdakı matçlarda bizə lazımdır.

- Belə xəbərlər var ki, həftə ərzində komandanı məşqə çıxarmamısız. Bu, nə dərəcədə doğrudur?
- Belə bir şey yoxdur. Bərpa nəşrində olmamışam. Bu da normal bir şeydir. Bərpa məşqini köməkçiləri keçib. Hər şey qaydasındadır. 

- Sirr deyilsə, bərpa məşqində niyə olmamısınız?
- Ailə məsələləri ilə bağlı Bakıda idim. Bütün günümüzü Gəncədə keçiririk. Ailənin də problemlərini həll etmək vacibdir.