Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək
31.10.2026 - 15:55
Azərbaycan Beynəlxalq yarışlar seriyasına ev sahibliyi edəcək

2027-ci ilin sentyabr ayında Sea Breeze-də ölkədə ilk dəfə açıq suda üzgüçülük üzrə beynəlxalq OCEANMAN yarışlar seriyasının Azərbaycan mərhələsi keçiriləcək.

Apasport.az xəbər verir ki, layihə Caspian Aqua Challenge şirkətinin təşəbbüsü, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyası və Dream Group International şirkətinin dəstəyi ilə həyata keçirilir.

Yarışlar peşəkar idmançıları, həvəskar üzgüçüləri və müxtəlif ölkələrdən olan qonaqları bir araya gətirərək açıq suda üzgüçülüyün inkişafı və Azərbaycanın idman turizmi istiqaməti kimi tanıdılması üçün yeni imkanlar yaradacaq.

27 oktyabr tarixində OCEANMAN Azerbaijan – Sea Breeze 2027 yarışlarına hazırlıq çərçivəsində polşalı ultramarafon üzgüçüsü Bartłomiej Kubkowski və Cəbəllütariq boğazını üzərək keçən ilk azərbaycanlı Boris Nəcəfov Sea Breeze-də, The Grand apart-otelinin qarşısındakı akvatoriyada 10 kilometrlik sınaq üzüşü həyata keçirərək yarışın nəzərdə tutulan marşrutunu qiymətləndiriblər.

Kubkowski uzun məsafəli üzgüçülük sahəsində əldə etdiyi nailiyyətlərlə tanınır. 2026-cı ilin avqust ayında o, İsveçdən Polşaya qədər Baltik dənizini üzərək keçib, fasiləsiz şəkildə təxminən 160 kilometr məsafə qət edib və 55 saatdan çox suda olub. Boris Nəcəfov isə bu ilin sentyabr ayında Korsika və Sardiniya adaları arasında yerləşən Bonifasio boğazından keçərək 25 kilometrlik üzüş həyata keçirib və geri qayıdıb.

29 oktyabr tarixində Sea Breeze Grand Hall-da layihənin təqdimatı və idman ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov bildirib:

“2026-cı ildə Bakı dünya idman paytaxtı statusunu əldə edib ki, bu da Azərbaycanın idman sahəsindəki nailiyyətlərinin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. 2027-ci ildə OCEANMAN yarışlarının keçirilməsi bu istiqamətdə görülən işlərin məntiqi davamı və beynəlxalq idman ictimaiyyətinin ölkəmizə olan etimadının növbəti təsdiqi olacaq”.

Azərbaycan Üzgüçülük Federasiyasının vitse-prezidenti Jalə Əhmədova layihənin üzgüçülüyün və sağlam həyat tərzinin təbliğindəki roluna diqqət çəkib:

“Bizim məqsədimiz hər kəsin üzməyi öyrənməsi və istənilən yaşda — 60 və ya 80 yaşında belə — bu idman növü ilə məşğul ola bilməsidir. Çünki üzgüçülük sağlamlığın möhkəmləndirilməsində mühüm rol oynayır”.

OCEANMAN-ın təsisçisi Fermin Egido isə Azərbaycanda açıq suda üzgüçülüyün inkişaf perspektivləri və beynəlxalq idman ictimaiyyətinin layihəyə cəlb olunması barədə danışıb:

“Bizim məqsədimiz təkcə dünyanın hər yerindən üzgüçüləri Azərbaycana gətirmək və onlara unudulmaz təəssüratlar yaşatmaq deyil, həm də yerli icmanın inkişafına töhfə verməkdir. Ölkədə uşaqlar və böyüklər arasında açıq suda üzgüçülüyün populyarlaşdırılması üçün böyük potensial var. Əminəm ki, birlikdə bu idman növünün tarixində yeni bir səhifə yazacağıq”.

OCEANMAN Azerbaijan-ın CEO-su Səbinə Məmmədova bildirib:

“Məqsədimiz açıq suda üzgüçülüyü inkişaf etdirmək və turistləri, idmançıları, onların ailə üzvlərini və dostlarını Azərbaycana cəlb etməkdir ki, onlar Bakıya gəlsin, Sea Breeze-də istirahət etsin və ölkələrinə qayıtdıqdan sonra öz təəssüratlarını paylaşsınlar. Əlbəttə, biz həm də istəyirik ki, mümkün qədər çox azərbaycanlı idmançı beynəlxalq yarışlarda Azərbaycan bayrağını yüksəltsin”.

Bartłomiej Kubkowski Sea Breeze-in OCEANMAN yarışlarının keçirilməsi üçün əlverişli məkan olduğunu qeyd edib:

“Bura OCEANMAN üçün ideal yerdir. Burada hər şey var: gözəl hava, əla dəniz, möhtəşəm insanlar və ləzzətli mətbəx. Düşünürəm ki, Azərbaycan mərhələsi seriyanın tarixində ən yaxşı yarışlardan birinə çevriləcək”.

Boris Nəcəfov da Sea Breeze akvatoriyasında üzgüçülük üçün əlverişli şəraiti, o cümlədən suyun komfortlu temperaturunu və güclü axınların olmamasını qeyd edib. Onun sözlərinə görə, gələcək marşruta xüsusi cazibə şəhər-kurortun mənzərəli görüntüləri və memarlıq obyektləri qatacaq:

“İştirakçılar adanın ətrafından keçəcək və kruiz layneri formasında inşa edilmiş möhtəşəm memarlıq obyekti — Caspian Dream Liner-in yanından üzəcəklər. Əminəm ki, bu marşrut həm yeni başlayan, həm də təcrübəli üzgüçülərə unudulmaz təəssüratlar bəxş edəcək”.

29 oktyabr tarixində OCEANMAN Azerbaijan 2027 yarışlarına iştirak üçün qeydiyyat da açılıb. İlk 48 saat ərzində qeydiyyatdan keçən iştirakçılar üçün təşkilatçılar 25 faiz endirim nəzərdə tutublar.

BEYNƏLXALQ İDMAN LAYİHƏSİ VƏ İNKİŞAF PERSPEKTİVLƏRİ

OCEANMAN açıq suda üzgüçülük üzrə ən böyük və ən nüfuzlu beynəlxalq yarış seriyalarından biridir. Seriyanın mərhələləri dünyanın 35-dən çox ölkəsində keçirilir və peşəkar idmançıları, təcrübəli və həvəskar üzgüçüləri, 7–75 yaş aralığında olan iştirakçıları, ailələri və korporativ komandaları bir araya gətirir.

OCEANMAN Azerbaijan – Sea Breeze 2027 proqramında bir neçə məsafə üzrə yarışlar nəzərdə tutulur: 10 kilometrlik OCEANMAN, 5 kilometrlik HALF OCEANMAN, 2 kilometrlik SPRINT, uşaqlar üçün OCEANKIDS, komanda estafeti OCEANTEAMS, həmçinin xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutulan OCEANMAN INSPIRATION xeyriyyə üzüşü.

İdman proqramı ilə yanaşı, iştirakçılar və qonaqlar üçün festival formatında müxtəlif tədbirlərin təşkili də planlaşdırılır.

Layihənin missiyası açıq suda üzgüçülüyü müxtəlif yaş, mədəniyyət və ölkələrdən olan insanları birləşdirən əlçatan, təhlükəsiz və ilhamverici idman növü kimi inkişaf etdirməkdir. Bu səbəbdən seriyanın hər bir mərhələsi yalnız yarışlar ətrafında deyil, həm də parlaq idman festivalı, səyahət və yeni təəssüratlar atmosferi ətrafında qurulur.

OCEANMAN Azerbaijan – Sea Breeze 2027 yarışlarının keçirilməsi Xəzər dənizini beynəlxalq üzgüçülük ictimaiyyətinə təqdim etməyə, regionun turizm potensialına diqqət cəlb etməyə və Azərbaycanın dünya idman xəritəsində mövqeyini daha da gücləndirməyə imkan verəcək.

LOKASİYA

Yarışlar 3–5 sentyabr 2027-ci il tarixlərində Sea Breeze-də keçiriləcək.

Şəhər-kurortun inkişaf etmiş infrastrukturu il ərzində müxtəlif formatlarda 100-dən çox tədbirin — beynəlxalq musiqi festivallarından və idman çempionatlarından tutmuş investisiya forumlarına, mədəni və ictimai layihələrə qədər — keçirilməsinə imkan yaradır.

Təşkilatçılar üçün zəruri texniki və xidmət imkanları, iştirakçılar və qonaqlar üçün isə Xəzər dənizi sahilində komfortlu yerləşmə, müxtəlif istirahət imkanları və Sea Breeze-in bütün üstünlüklərindən istifadə imkanı yaradılacaq. Şəhər-kurort Bakı şəhər mərkəzindən təxminən 20, hava limanından isə 15 dəqiqəlik məsafədə yerləşir.