[b]DÇ-2018: Hansı klubun neçə oyunçusu qalıb?[/b]
09.07.2018 - 00:53
[b]DÇ-2018: Hansı klubun neçə oyunçusu qalıb?[/b]

Rusiyada keçirilən dünya çempionatında ən çox futbolçu ilə təmsil olunan klub “Tottenhem”di. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsində yer alan komandaların heyətində London təmsilçisinin 9 nümayəndəsi var.

 

İngiltərə, Xorvatiya, Belçika və Fransadan ümumilikdə 91 oyunçu turnirdə yer alıb ki, onlardan 84-ü bu mərhələyə qədər meydana çıxmaq imkanı əldə edib. “Tottenhem”i 7 futbolçu ilə “Mançester Siti” və “Mançester Yunayted” izləyir. Növbəti sırada da Premyer Liqa təmsilçisi qərarlaşıb – “Çelsi” (5 oyunçu). PSJ, “Barselona”, “Monako” və “Liverpul”un isə 4 futbolçusu mundialda mübarizəni davam etdirir.

 

Yarımfinaldakı futbolçuların çoxu İngiltərə Premyer Liqasında çıxış edir. Belə ki, karyerasını Premyer Liqada davam etdirən 40 oyunçu dünya çempionu olmaq ümidini davam etdirir. İlk “üçlük”dəki digər çempionatlar hərəyə 12 oyunçu ilə İspaniya La Liqası və Fransa Liqa 1-di.

 

Almaniya Bundesliqası 9, İtaliya A seriyası isə 8 nəfərlə təmsil olunur. Bundan başqa, Belçika, Çin, Xorvatiya (hamısı 2), Rusiya, Ukrayna, Şotlandiya, Türkiyə və Avstriya (hamısı 1) çempionatının da nümayəndəsi yoluna davam edir.

 

Qeyd edək ki, dünya çempionatında yarımfinal oyunları iyulun 10-11-də keçiriləcək.