
Misli Premyer Liqasının II turu çərçivəsində “Araz-Naxçıvan” səfərdə "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib.
Apasport.az xəbər verir ki, qonaqların baş məşqçisi Elmar Baxşıyev oyundan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
“Bilirdik ki, bu oyunda bizi nə gözləyir. Ağır oyun oldu. Hər iki komanda meydanda çoxlu mübarizə apardı. Klub olaraq, bu gün istədiyimizi meydanda etməyə çalışdıq. İstədiyim komandanı gördüm. Biz də bilirik ki, çempionatın əvvəlidir. Getdikcə həm hücum, həm də müdafiə planında daha yaxşı komanda olacağıq”.
- Mövsümə tez başlamağınız üstünlükdür, yoxsa “Omoniya”ya məğlubiyyətlər psixoloji baxımdan təsir edib?
-Bu gün yaxşı mübarizəli oyun getdi. Futbolçular bu tempə, dinamikaya öyrəşirsə, təqdirəlayiqdir. Düşünmürəm ki, avrokuboklar bizə müsbət və ya mənfi təsir edib. Bilirdik ki, ilk dəfə ölkəmizi avrokubokda təmsil edirik. Biz də başımızdan yuxarı tullanmağa cəhd etdik, alınmadı. Təzyiqə gəldikdə, 5 ildir ki, mövsümün əvvəlində göndərirlər. Şayiələr normaldır. Onu da müəyyən insanlar yaradır. Şayiələrə fikir verib işimizə yanaşsaq, özümüz-özümüzü geri salmış olarıq. Belə tənqidi qəbul edirik. Biz də komanda olaraq, artığını etməyə çalışdıq. Futbolda hər şey istəklə bağlı deyil. Ümidverici odur ki, komandam geridönüş etməyi bacarır. Komanda bərkdir, onlara inanıram. Turlar keçdikcə daha yaxşı komanda görəcəksiniz.
- Penalti epizodu barədə nə düşünürsünüz?
- Mənim fikrimi soruşursunuz… Mən də planşetdən baxdım. Mənim üçün penalti, hətta öz xeyrimizə də olsa, düzgün deyil. Həmin epizodda verilən qərar səhv idi.
- Sizin xüsusi reputasiyanız var. Niyə bunu “başdan yuxarı tullanmaq” kimi qiymətləndirirsiniz?
- Ona başqa prizmadan da yanaşmaq olar. Siz elə fikirləşirsiniz ki, heyətimizə 4-5 oyunçu qatdıqca, mütləq qruplara düşəcəyik? Avrokuboklar təcrübə tələb edir. Gözümüzün qabağında “Qarabağ” nümunəsi var. İllərdir addım-addım qruplara yüksəlib. Bu, yalnız istəklə bağlı məsələ deyil. Komanda özü formalaşmalıdır ki, avrokuboklarda da uğur qazana bilsin. Biz də bilirdik ki, yeniyik. Elə nüanslar olur ki, tək meydanda yox, başqa məqamlarda da təsirini göstərir. Ona görə komanda olaraq çalışdıq. Alınmadısa, təkcə “Araz-Naxçıvan”ı nümunə kimi göstərməyə ehtiyac yoxdur. Bizdən başqa komandaların da oyunları alınmadı, onlar da qrup mərhələsinə düşə bilmədi.
- İqor Ribeyronun gedişindən sonra müdafiədə çətinlik çəkirsiniz?
- “Barselona”nın baş məşqçisinə soruşsanız ki, Messinin çatışmazlığı hiss olunurmu, bu, cavabsız sual olaraq qalacaq. İqor mövzusu qapanıb. Sərəncamımda olan oyunçulara inanıram ki, onun yerini layiqincə dolduracaqlar.