
“Qarabağ”ın veteran futbolçusu Emin İmaməliyev Apasport.az saytına müsahibə verib.
- Matçdan öncə 3:1 hesabını gözləyirdinizmi?
- Təbii ki, “Qarabağ”a inamımız daim var. Bu oyunda da var idi. “Qarabağ”ı və azarkeşlərini, futbol camiəsini qələbə münasibəti ilə təbrik edirəm. Gözəl oyun oldu. Ağdam təmsilçisi hesabda geri düşsə də, möhtəşəm geridönüş etdi. Futbolçuların həm fərdi ustalığı, həm də komanda oyunu nəticədə təmsilçimizə layiqli qələbə qazandırdı. Həqiqətən də “Qarabağ” çox yaxşı futbol sərgilədi.
- Azərbaycan çempionu rəqibini əsasən nəyin hesabına məğlub etməyi bacardı?
- Komandamız oyun intizamından qopmadı, futbolçular fərdi və kollektiv şəkildə ortaya çox yaxşı oyun qoydu. Belə olduğu halda, istədiyiniz nəticəni qazana bilirsiniz. “Qarabağ” həm istəkli, həm də intizamlı, effektiv idi. Nəticədə də qalib gəldi.
- Sanki Macarıstan klubu “Qarabağ”dan qorxurdu, çəkinirdi. Razısan?
- Ola bilər ki, "Ferentsvroş" "Qarabağ"dan ehtiyat edirdi. Amma biz ilk oyunda gördük ki, onlar "Qarabağ"dan qorxmurlar. Sadəcə təmsilçimizin gözəl və əzmkar oyunu qələbəyə gətirib çıxardı. Əslində “Ferentsvaroş” da güclü komandadır. Sadəcə “Qarabağ” daha yaxşı oynadı və qalib gəldi.
- Demək olarmı ki, “Qarabağ” artıq ÇL-in liqa mərhələsinə vəsiqəni 90 faiz təmin edib? Macarlar Bakıda geridönüş edə bilərmi?
- "Qarabağ" mərhələni böyük ehtimalla həll edib. Amma yenə də cavab görüşü var. İnanıram ki, ikinci matçında da "Qarabağ" evdə rəqibini məğlub edərək, Çempionlar Liqasının əsas mərhələsinə vəsiqəni təmin edəcək. Təmsilçimizin şansı yüksəkdir. Lakin Macarıstan təmsilçisi də bu dəqiqə cavab matçını səbirsizliklə gözləyir. Ümid edirəm ki, “Qarabağ” istədiyi nəticəni əldə edə biləcək.
- Bəs, “Qarabağ”ın hücumçusuz qruplara doğru getdiyi kimi səslənən fikirlərlə razısız? Sizcə, hücumçu transferinə ehtiyac var?
- Oyunçu transferləri klubla, məşqçilər korpusu ilə bağlı olan məsələdir. Yəqin ki, qrup mərhələsinə vəsiqəni təmin etdikdən sonra ola bilər hücumçu transfer etsinlər. Həm Nəriman Axundzadə, həm Musa Qurbanlı heç bir legioner forvardan aşağı səviyyədə deyil. Onların oyun təcrübəsi var və matçdan-matça “Qarabağ”a daha çox kömək edəcəklərinə inanıram.