
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Macarıstan yığmasına qarşı keçirilən yoxlama oyunundan (1:2) sonra mətbuat konfransında çıxış edib.
Apasport.az xəbər verir ki, portuqaliyalı baş məşqçi oyunu dəyərləndirdikdən sonra jurnalistlərin suallarını cavablandırıb:
“Oyuna yaxşı başlamadıq. Erkən qol buraxdıq. Futbolçularım buna tez reaksiya göstərdi və qol vurduq. Balanslı oyun getdi. Lakin ikinci topu qapımızda gördük. Sözsüz ki, ikinci hissə daha çətin keçdi. Çünki rəqibin heyəti yaxşı, keyfiyyətli futbolçulardan ibarətdir. Topa yaxşı sahib çıxırdılar. Futbolçularım sona qədər bərabərlik topunu vurmağa inanırdılar. Bəziləri də yorulmuşdular. Buna görə də dəyişikliklər etdim və komandanı yenilədim. Oyunun son 10-15 dəqiqəsində 3 qol epizodumuz var idi. Lakin yenə son nöqtəni qoya bilmədik. Futbolda bəzən bəxt də lazımdır. Ümumi götürəndə son iki matçda oyunçularımdan razı qaldım. Daha da inkişaf etdilər”.
- Rza Cəfərov son dəqiqlərdə qol vurmaq üçün irəli gəldi. Bu, sizin tapşırığınız idi, yoxsa özünün?
- Əlbəttə ki, mənim.
- Qarşıdan rəsmi oyunlar gəlir. Hansı məqamlar sizi narahat edir?
- Bu, elə bir aspektdir ki, bu barədə futbolçularımla danışıram. Son təlim-məşq toplanışında nələr əksik idisə, bu dəfə onlar üzərində çalışdıq. Pis də alınmadı. Əlbəttə ki, çatışmayan cəhətlər var. Onların üzərlərində çalışmalıyıq. Amma futbolçularım bacardıqlarını da bilməlidirlər.
- Azərbaycanda kişilərin təqaüd yaşı 65-dir. Bəs Portuqaliyada neçədir?
- Bu suala cavab verməyəcəm. Bunun futbolla nə əlaqəsi?
- Həmkarınız bildirdi ki, qolda əl var idi. Siz necə düşünürsüz?
- Bu, rəqib komandanın baş məşqçisinin dediyi bir şeydir. Məncə, Var olsa da, qol sayılacaqdı. Top özü əli tapdı.
- Milli 10 oyundur, qalib gələ bilmir. Sizsə, hər dəfə onlardan razı qaldığınızı bildirirsiz. Bəlkə tənqid edəsiz?
- Həmişə elə demirəm. Bu təlim-məşq toplanışında daha yaxşı çıxış etdilər deyirəm. Bunu heç vaxt etməmişəm və etməyəcəm. Bu mətbuata çıxarılası bir şey deyil.
- Emin Mahmudovu dayaq yarımmüdafiəçisi mövqeyində oynadırsız. Düşünmürsüz ki, belə edərək onun yaradıcı potensialının qarşısını alırsız?
- O mövqedə dünyanın ən yaxşılarından biri Andrea Pirlodur. Öz texnikasını da göstərə bilir. Emin bu gün mükəmməl oyun göstərdi. Bu mövqedə daha yaxşı çıxış etdiyini düşünürəm. Böyük rəqiblərlə oyunlarda irəlidə boşluqlar az olur. Texnikası olan futbolçudur.
- Miks-zonada Cəlal Hüseynov bildirdi ki, baş məşqçinin əsas tapşırığı qol buraxmamaq idi. Bu, nə dərəcədə doğru addımdır?
- Mən belə şey deməmişəm. Belə deyirsə, yalandır. Rəşad Əyubov bilir ki, elə şey olmayıb. Mən azərbaycanca danışa bilmirəm, amma Rəşad yaxşı danışır.