"Könüllərin çempionu" - deyirlər. İran da əksəriyyət üçün bu ifadəni özündə ehtiva edərək dünya çempionatı ilə vidalaşdı.
Farsların mundialdakı qəhrəmanlarından biri qolkiper Əlirza Beyrənvənd idi. Təxminən bir ay öncə mənbələri ələk-vələk edəndə qarşıma çıxmışdı, bu gənc qapıçı mundialın ən əcaib həyat hekayələrindən birinə sahibdi. Bir sözlə, bu nöqtəyə gələnə kimi başına gəlməyən qalmayıb. Bu ərəfədə Əlirzanın hekayəsini bölüşmək yerinə düşər deyə düşündüm. Əvvəlcədən qeyd edim, dünya çempionatının başlanğıcı ərəfəsində "Guardian" 32 ölkədən jurnalistlərlə əməkdaşlıq edirdi. Həmin əməkdaşlıq çərçivəsində iranlı yazar Behnam Cəfərzade ("Varzesh 3") bu gözəl hekayəni qələmə almışdı:
Əlirza Beyrənvənd Luristan ostanının Sarab Dövrə şəhərində, qoyunlar üçün otlaq sahəsi tapmaq üçün kənd-kəsək demədən dolaşan köçəri ailəsində anadan olub. Ailədə ən böyük uşaq olduğundan, erkən yaşlardan etibarən işləyərək evə yardım etməyə çalışırmış. İlk işi çobanlıq olub. Boş vaxt tapan kimi dostları ilə futbol və Dal Paran (yerli oyun) oynayarmış. Dal Paranda əsas məqsəd daşı daha uzaq məsafəyə atmaqdan ibarətdi. Futbolla arasında bir əlaqə tapmaya bilərsiz, ancaq illər sonra bu oyunun Beyrənvəndə faydası dəyəcəkdi.
12 yaşında artıq yerli komandada məşqlərə başlamışdı. İlk oynadığı mövqe hücum idi, ancaq qolkiperin zədələnməsi nəticəsində qapıya keçir və möhtəşəm qurtarışı sonda onun qapıda daimi olmasına kifayət edir. Beyrənvənd qolkiper olmağa qərar vermişdi, ancaq atası buna qarşı çıxırdı.
Digər iranlı atalar kimi, Morteza Beyrənvənd də futbolun peşə olduğunu düşünmürdü. O, oğlunun başqa işlərlə məşğul olmasının tərəfdarı idi. “Atam futbolu heç sevmirdi və məndən işləməyimi tələb edirdi. Hətta formamı və əlcəklərimi cırırdı. Bir neçə dəfə əlcəksiz qapıda durmuşam” – deyə Əlirza vurğulayır.
Gənc qolkiper Tehranın böyük klublarından birində oynamaq ümidiylə doğulub-böyüdüyü şəhəri tərk etmək qərarına gəlir. Qohumlarından birindən borc alır və paytaxta üz tutur. Deyəsən, həmin gün "uğur mələyi" yanında imiş; avtobusdaca məşqçi Hosseyn Feyzlə qarşılaşır. Feyz Əlirzaya 200 min tümən (təxminən 68 manat) qarşılığında onu komandası ilə məşqə çıxaracağını deyir. Ancaq Beyrənvəndin nə pulu var idi, nə də yatacaq yeri.
O, gecələr kasıb miqrantların toplaşdığı Azadi qalasının yaxınlığında yatarmış. Bir gün bir satıcı ona evində qalmağı təklif edir. Əlirza ilk öncə təklifi qəbul etsə də, yolda fikrindən daşınır və hər gün sınaq məşqlərinə çıxdığı klubun bazasına yollanır.
Beyrənvənd: “Klubun qapısında yatdım. Səhər duranda gördüm ki, insanlar önümə qəpik-quruş atıblar. Dilənçi olduğumu düşünmüşdülər. Sayələrində uzun müddət sonra ilk dəfə normal qəlyanaltı edə bildim”.
Nəhayət, Feyz pul tələb etmədən Beyrənvəndə komandasında şans verir və kapitandan ona dəstək olmasını istəyir. Beyrənvənd iki həftə həmkarının evində qalır. Daha sonra isə başqa bir komanda yoldaşının atasının sahibi olduğu tikiş atelyesində çalışmağa başlayır və elə ordaca gecələyir.
Növbəti iş yeri avtoyuma məntəqəsi olur. Boyu uzun olduğundan, iri ciplərin yuyulması ona tapşırılır. Bir gün İranın əfsanəvi futbolçusu Əli Daeyi maşınını həmin avtoyuma məntəqəsinə gətirir. İş yoldaşları Beyrənvəndi “Bavariya”nın sabiq futbolçusu ilə danışması və ondan dəstək istəməsi üçün cəsarətləndirməyə çalışırlar. Ancaq Əlirza onların sözlərinə qulaq asmır. O, öz yolunu özü tapmaq qərarına gəlir. “Bilirdim ki, cənab Daeyi ilə danışsam, mənə kömək edərdi, ancaq özüm haqda onunla danışmağa utanırdım” – deyir Beyrənvənd.
O, qısa müddət sonra “Nəft Tehran”ın məşqçisi ilə tanış olur və ora üz tutur. İlk öncə klub ibadət üçün ayrılmış otaqda qalmağına icazə versə də, bir müddət sonra orda yatmasının mümkünsüz olduğu bildirilir. Bu səfər Əlirza özünə qalacaq yer tapmaq üçün pizza restoranında işləməyə başlayır. Bir gün Beyrənvəndin ikinci işi barədə məlumatı olmayan məşqçisi həmin pizza restoranına gəlir. Qolkiper onunla üz-üzə gəlmək istəməsə də, məkanın sahibi məşqçisinə xidmət etməsi üçün məcbur edir. Nəticədə, bir neçə gün sonra Əlirza iş yerindən ayrılır.
Qalacaq yer tapmaq üçün işləməli idi. Məcburiyyətdən küçələri təmizləməyə başlayır. Bəzən böyük bir parkı tək süpürməli olurdu və bu şəraitdə oyunlarda normal formada olması çətinləşirdi.
Başqa komanda ilə məşq etdiyi və zədələndiyi üçün Əlirza “Nəft Tehran”dan qovulur. Üz tutduğu klub “Homa” idi. Ancaq burda da məşqçi ona müqavilə təklif etmək niyyətində deyildi. Beyrənvəndin ümidi tükənirdi...
Sonra bir gün “Nəft Tehran”ın 23 yaşadək futbolçulardan ibarət komandasının baş məşqçisi Əlirzaya zəng edir, başqa klubla müqavilə bağlayıb-bağlamadığını soruşur, “yox” cavabı aldıqdan sonra onu yenidən kluba dəvət edir.
Beyrənvənd: “Bəlkə də, “Homa”nın məşqçisinin mənimlə müqavilə bağlamaq istəməməsi qismət idi. Orda qalsaydım, yəqin ki, indiki səviyyəmə heç vaxt çata bilməzdim”.
Hadisələrin gedişatında həyat Əlirzanın üzünə “gülür”. Əvvəlcə İranın 23 yaşadək futbolçularından ibarət yığmasına çağrılır, ardınca “Nəft Tehran”ın əsas qolkiperi olur. Ancaq onu dünyaya tanıdan uşaqlıqda sevərək oynadığı Dal Paran adlı oyun olur. Bu səfər bir fərq var idi: uzaq məsafəyə daş yox, top atırdı. 2014-cü ildə “Traktor Sazi” ilə oyunda əllə 70 m. məsafəyə göndərdiyi top sonda assistə çevrilir və həmin görüntülər dünyanın müxtəlif məşhur media qurumları tərəfindən tirajlanır.
Nəhayət 2015-ci ildə isə Əlirza İran yığmasının birinci qapıçısı olur. Təsnifat oyunlarında 12 matçda qapısını qola qapayan Beyrənvənd komandasının Rusiyaya "bilet" qazanmasında böyük pay sahibi olur.
Əlirza: “Xəyallarımı gerçəkləşdirmək üçün çox çətinliklə üzləşmişəm. Ancaq başıma gələnləri unutmaq fikrim yoxdu, çünki məni bugünkü mən edən onlardı”.
İndi isə onun başqa xəyallarını reallaşdırmaq imkanı var; dünya çempionatında oynamaq və Avropa klublarından birinə transfer olmaq. Zatən, köçərilər üçün səyahət heç vaxt bitmir.
Tərcümə: Rüfət MƏCİD
- Velosipedçilərimiz beynəlxalq “Tour of Mersin” yarışına qatılıblar
- Azərbaycan çempionatının qalibləri müəyyənləşib
- Bakı şəhər kubokunun birinci mərhələsində finalçılar müəyyənləşib
- Qarabağ MechaHack 9030-dan Nümunəvi Missiya: Texnologiya Sərhəd Tanımır
- Kamandan oxatma üzrə Bakı Kubokunun I mərhələsi keçiriləcək