Azərbaycanda kamandan oxatma üzrə ilklərlə yadda qalan Superkubok yarışına yekun vurulub.
Apasport.az xəbər verir ki, oktyabrın 18-də təşkil olunan turnir Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Kamandan Oxatma Federasiyasının təşkilatçılığı ilə baş tutub.
Böyüklər arasında açıq havada, 70 metr məsafədə keçirilən yarışda ölkənin ən yüksək reytinqli səkkiz oxatanı mübarizə aparıb.
Superkubokun əsas özəlliyi Azərbaycan kamandan oxatma tarixində ilk dəfə qadın və kişi idmançıların birlikdə kubok uğrunda yarışması olub.
Turnirin yekununda qadınlar və kişilər arasında mükafatçılar müəyyənləşib.
Qadınların mübarizəsində Fatimə Hüseynli qızıl medal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Yaylagül Ramazanova gümüş, Lalə Əbdürəhmanova isə bürünc mükafata sahib çıxıb.
Kişilər arasında Məhəmmədəli Əliyev bütün rəqiblərini qabaqlayaraq Superkubokun qalibi adını qazanıb. Sərdar Vəliyev ikinci, Nurlan Rəhimli isə üçüncü yeri tutub.
Yarışın sonunda qalib və mükafatçıların təltifetmə mərasimi təşkil olunub.
Medalları Gənclər və İdman Nazirliyinin Olimpiya və paralimpiya idman növləri sektorunun müdiri Aydın Məmmədov, Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Dənyar Teymurlu, nazirliyin Strateji Təhlil sektorunun müdiri Ülviyyə Hacıyeva və Xəzər Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Pərvin Şirvani təqdim ediblər.
Federasiyanın baş katibi Fərid Xəlilov və milli komandanın baş məşqçisi Natiq Fazilov isə idmançılara xüsusi hədiyyələr veriblər.
- Prezident paralimpiya hərəkatının inkişafında xidməti olan bir qrup şəxsi təltif edib
- ATPF Beynəlxalq Padel Federasiyasının 36-cı Baş Assambleyasında təmsil olunub
- Azərbaycanlı Formula 4 pilotu Davin Cəfərov Slovakiya Ring trasında növbəti testlərini uğurla başa vurub!
- Deflimpiyaçı güləşçilərimiz Belarusda zirvədə
- Kapoeyraçılarımız Tallində altı medal qazanıblar