“Neftçi”nin “Araz-Naxçıvan”da icarə əsasında çıxış edən Ağadadaş Salyanskinin paytaxt klubuna qarşı oynamamasını istəməsi müzakirələrə səbəb olub. Bəzi yanaşmalarda bu qərar futbolçunun hüquqlarının məhdudlaşdırılması kimi təqdim edilir. Öz futbolçusunu başqa komandaya icarəyə verən klubun müəyyən şərtlər irəli sürməsi nə dərəcədə qeyri-adidir?
Vurğulamaq lazımdır ki, “Neftçi” Salyanskini birdəfəlik satmayıb, icarəyə verib. Futbolçu hələ də paytaxt klubuna məxsusdur. Belə olan halda “Neftçi”nin öz maraqlarını qorumağa çalışması təəccüblü görünməməlidir.
Razılaşma zamanı futbolçunun məhz “Neftçi”yə qarşı meydana çıxmaması barədə qarşılıqlı anlaşma əldə olunubsa, sonradan bunun problem kimi təqdim edilməsi doğru deyil. “Araz-Naxçıvan” belə bir şərti əvvəlcədən qəbul edibsə, paytaxt təmsilçisi niyə sonradan həmin razılaşmadan imtina etməlidir?
Üstəlik, burada söhbət futbolçunun bütün mövsüm ərzində oynamasının qadağan edilməsindən getmir. Məhdudiyyət yalnız onu icarəyə verən kluba qarşı keçirilən görüşlə bağlıdır. Komandanın neçənci pillədə qərarlaşması, hansı durumda olması “ağ-qaralar”ı maraqlandıran məqam olmamalıdır. Fakt “Araz-Naxçıvan” “Neftçi”nin rəqibidir. Rəqabət də belə olmalıdır. “Neftçi” niyə öz maraqlarına zidd addım atmalıdır?
Dünyanın ən güclü futbol çempionatı sayılan İngiltərə Premyer Liqasında icarəyə verilmiş futbolçuların müqavilə ilə bağlı olduqları kluba qarşı oynaması qadağandır.
Bu, çempionatın rəsmi qaydasıdır. Premyer Liqada icarə əsasında çıxış edən futbolçu onu göndərən komanda ilə qarşılaşmada iştirak edə bilməz. Bu qayda 2004-cü ildən tətbiq edilir.
Konkret nümunələr də kifayət qədərdir. 2024/2025 mövsümündə “Çelsi”dən “Arsenal”a icarəyə verilən Rahim Sterlinq London derbisində müqavilə ilə bağlı olduğu kluba qarşı oynaya bilməmişdi. Səbəb məhz Premyer Liqanın qaydaları idi.
2025/2026 mövsümündə “Mançester Siti”dən “Everton”a icarəyə göndərilən Cek Qriliş də eyni məhdudiyyətlə üzləşmişdi. İngiltərə millisinin üzvü “Mançester Siti”yə qarşı Premyer Liqa görüşündə iştirak edə bilməmişdi.
Daha bir nümunə 2023-cü ilə təsadüf edir. “Mançester Siti”nin “Şeffild Yunayted”ə icarəyə verdiyi Ceyms Makati və Tommi Doyl İngiltərə Kubokunun yarımfinalında məhz müqavilə ilə bağlı olduqları kluba qarşı oynaya bilməmişdilər.
2022-ci ildə də oxşar hadisə yaşanmışdı. “Çelsi”dən “Kristal Pelas”a icarəyə verilən Konor Qallager İngiltərə Kubokunun yarımfinalında London klubuna qarşı meydana çıxa bilməmişdi. Həmin vaxt “Kristal Pelas”ın baş məşqçisi Patrik Vieyra bu vəziyyətdən narazılığını bildirsə də, qayda dəyişməmişdi.
İcarə müqaviləsi sayəsində loru dildə desək, bir tərəf futbolçusunun daha çox oyun təcrübəsi qazanmasına şərait yaradır, digər tərəf isə heyətini gücləndirir. Hər iki klub bu əməkdaşlıqdan faydalanmağa çalışır. Əvvəlcədən müzakirə edilmiş şərtlərə əməl olunması da həmin əməkdaşlığın təbii gözləntisidir.
Salyanski cari mövsümdə “Araz-Naxçıvan”ın ən məhsuldar futbolçularından biridir. Onun “Neftçi”yə qarşı oynamaması Naxçıvan təmsilçisinin hücum imkanlarına təsir göstərə bilər. Amma məhz futbolçunun yaxşı formada olması paytaxt klubunun öz maraqlarını qorumasına təbii şərait yaradır.
Üstəlik, eyni vəziyyət təkcə “Neftçi” ilə bağlı yaşanmır. “Araz-Naxçıvan”ın “Sabah”dan icarəyə götürdüyü Abdulla Rzayev də avqustun 31-də keçmiş klubuna qarşı meydana çıxmayıb. Yuri Maksimov futbolçunun noyabrın 28-də keçiriləcək növbəti “Sabah” matçında da iştirak etməyəcəyini açıqlayıb.
Deməli, müzakirə olunan yanaşma yalnız bir klubun qərarı deyil. Azərbaycan futbolunda başqa komandalar arasında da oxşar anlaşmaların olduğu görünür.
“Neftçi”nin qərarını yalnız futbolçunun qarşısına qoyulmuş maneə kimi qiymətləndirmək düzgün yanaşma deyil. Klubun öz futbolçusunu icarəyə verməklə yanaşı, rəqabət maraqlarını qorumaq istəməsi də başadüşüləndir.
Nəticə etibarilə “Neftçi”nin öz maraqlarını qorumaq istəyi futbol dünyasında nə yeni hadisədir, nə də görünməmiş yanaşma.
Futbolda rəqabət yalnız meydanda başlamır, klubların öz maraqlarını qorumaq bacarığında da özünü göstərir. “Neftçi” rəqibini gücləndirmək üçün futbolçusunu icarəyə verə bilər, amma bu, həmin futbolçunun sabah öz qapısına qol vurmasına şərait yaratmaq öhdəliyi demək deyil.
Axı “Neftçi”dən nə gözlənilir? Öz futbolçusunun ona qarşı qol vurmasına şərait yaratması, sonra da bunu “fair-play” adı altında alqışlaması?