Misli Premyer Liqasının IV turunda keçirilən “Turan Tovuz” – “Sumqayıt” (2:1) matçından sonra ev sahiblərinin baş məşqçisi Kurban Berdıyev mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Apasport.az xəbər verir ki, mütəxəssis ilk növbədə oyun haqqında təəssüratlarını bölüşüb:
"Güman etdiyimiz kimi, oyun ağır keçdi. Bu gün bizim üçün yaxşı oyundan daha vacibi qələbə idi. Sırf psixoloji cəhətdən deyirəm. Pis oynamadıq. Amma məqamlar var ki, üzərində işləməliyik".
- Qələbə qazansanız da, azarkeşlər narazı idi. Nəticələr sizi də narahat edir?
- Çempionat uzundur, nəsə haqda indidən danışmaq tezdir. Mövsümün sonunda vəziyyətə baxarıq.
- Aleks Serranonun zərbəsi zamanı topun qapıdan keçib-keçmədiyi müzakirə edildi. Sizcə, həmin epizodda top qapıdan keçmişdi?
- Hakimlərin işinə qarışmaq istəmirəm. Bugünkü epizodda qol olduğunu hiss etmədim. Ötən oyunda hiss etmişdimsə, bu dəfə hiss etmədim və qol olduğunu deyə bilmərəm.