Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”
24.09.2026 - 12:03
Mahir Emreli azarkeşlərə səsləndi: “Gəlib bizi dəstəkləsinlər”

Futbol üzrə Azərbaycan milli komandası beynəlxalq yoldaşlıq oyunu çərçivəsində Bakıda Tacikistanı məğlub edib - 1:0.

Matçdan sonra yığmamızın hücumçusu Mahir Emreli "apasport"un suallarını cavablandırıb:

"Oyun gözlədiyimizdən də ağır keçdi. İndiki zamanda rahat rəqib yoxdur. Biz də oyunun rahat keçəcəyini düşünmürdük. Təbii ki, müəyyən epizodlarda səhvlər buraxdıq. Bu da daha çox ikinci hissədə oldu. Evdə oynayırdıq, qələbə qazanmaq istəyirdik. Rəqibə təzyiq göstərmək istəyəndə bəzi anlarda səhvlər etdik. Bu da rəqibin hücumları ilə nəticələnirdi. Təbii ki, bunların üzərində işləyəcəyik. Qarşıda bizi növbəti vacib oyunlar gözləyir. Qısa müddətdə 3 oyun oynayacağıq. Ümid edirəm ki, bütün oyunlarda qələbələr qazanıb xalqımızı sevindirərik".

- Qarşıdan vacib oyunlar gəlir, bu sıx təqvimdə xal və ya xallar götürmək mümkün olacaq?
- Heyət genişdir. Çalışacağıq ki, bu rəqiblərə qarşı oynayaq. Eyni cür onlar üçün də sıx təqvim var. Litva da bizdən sonra oynayır. Milli komanda ilə kifayət qədər uzun zamandır bir yerdəyik. Bu ritmdə oynayan futbolçularımız olub, onlar öz bədənlərinə, bərpalarına diqqət etməyi bacarırlar. Qısa müddətdə bərpa olmağı avrokubok matçları səbəbiylə "Qarabağ"dan, "Sabah"dan olan futbolçular bilirlər. Ümid edirəm ki, problem olmayacaq.

- Polşada hazırda əsas heyət oyunçususan. Orada uzunmüddətli qalmağı düşünürsən, yoxsa məqsədin daha fərqli klublardır?
- Mən anı yaşamağı düşünürəm. Polşada xoşbəxtəm, komandada mənə diqqət göstərirlər, çox yaxşı qəbul etdilər. Düşünürəm ki, onun nəticəsidir ki, oyunlarda özümü yaxşı göstərə bilirəm. Təbii ki, nəticələr tam ürəkaçan deyil, sonuncu pillədəyik. Məşqçimiz də yenidir. Düşünürəm ki, bu tempdə davam etsək uğurlu nəticələr də gələcək. Hücumçu üçün əsas olan qollar vurub komandaya tez öyrəşməkdir. Komanda olaraq yeni məşqçini tanımaq periodundayıq. Yeni məşqçi yeni sistem deməkdir və mən də tez bir zamanda onun tələblərini yerinə yetirməyə çalışacağam.

- Tacikistana daha çox qol vura bilməməyiniz nə ilə əlaqədardır?
- Bu gün epizodlara girdik, amma dəyərləndirə bilmədik. Bəzi epizodlarda top qapının kənarına getdi, bəzi epizodlarda qapıçı tutdu, bəzi zərbələr bloklandı. Meydançanın ot örtüyü də o dərəcədə ideal deyildi ki, topu saxlayıb, rahat zərbə endirəsən. Təbii ki, bu bəhanə deyil, amma düşünürəm ki, bəzi yaxşı kəsərli hücumlarımız oldu. Onları da qarşıdakı oyunlarda daha yaxşı dəyərləndirmək lazımdır.

- Bu gün azarkeşlər meydanda demək olar ki, çox az idi. Bu oyuna təsir göstərdi? Ümumiyyətlə azarkeş amili sənin üçün nə dərəcədə rol oynayır?
- Mən uşaqlıqdan millinin oyunlarının çoxuna getmişəm. Yadıma gəlmir ki, azarkeşsiz milli nə vaxtsa böyük qələbələr qazansın. Çünki biz millət olaraq emosionalıq. Gücümüzü birlikdən alırıq. İstərdik ki, qarşıdakı oyunlarda gəlib bizi dəstəkləsinlər. Onlar tribunaları dolduranda oyunu daha yaxşı oynayırıq.