"Artıq neçə illərdir ki, Vüqar Həşimov Memorialı ilə əlaqədar Azərbaycan dünya şahmat izləyicilərinin diqqət mərkəzinə çevrilir".
Apasport.az saytının Xankəndiyə ezam olunan əməkdaşı xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Azərbaycan Şahmat Federasiyasının prezidenti Mahir Məmmədov deyib.
O, Xankəndidə mərhum şahmatçı, Avropa çempionu Vüqar Həşimovun xatirəsinə həsr olunan XI Vüqar Həşimov Memorialının açılış mərasimi barədə fikirlərini bölüşüb:
"Artıq ikinci dəfədir ki, bu turnir Qarabağ bölgəsində təşkil olunur. 2022-ci ildən bəri bütün vacib turnirlərimizdə məhz Qarabağın ev sahibliyi etməsinə nail olduq. Hər il olduğu kimi bu il də məşhur şahmatçılar turnirdə iştirak edirlər. Torpaqlarımız işğaldan azad edildikdən sonra ilk böyük idman hadisələrindən biri də bu Memorialın keçirilməsi oldu. Turnirin reytinqi dünyada həddindən artıq böyükdür".
Mahir Məmmədov azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun Memorialda iştirak etməməsinin səbəbini açıqlayıb:
"Şəhriyar Məmmədyarovun builki turnirdə iştirakı digər turnirlərdə verdiyi vədlərlə və imzaladığı müqavilələrlə bağlıdır. Şəhriyar Vüqar Həşimov Memorialında həmişə iştirak edib. Uzun müddət qaliblərdən biri olub. Təssüflər olsun ki bu il çox sərt müqavilələrə imza atdığı üçün turnirdə iştirakı alınmadı".
Qeyd edək ki, turnirə dekabrın 11-də yekun vurulacaq.