“Neftçi” basketbol komandasının baş məşqçisi Konstantinos Vasiladis “VEF Riqa” ilə oyun (94:110) barədə fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, yunanıstanlı mütəxəssis bəzi oyunçularının matça hazır olmadığını və bu səbəbdən əsas heyət üzvlərinə istirahət vermək imkanının olmadığını bildirib.
O, qarşılaşma zamanı komandasının yüksək tempi qorumaqda çətinlik çəkdiyini və sadə səhvlərə yol verdiyini vurğulayıb:
“Bu gün bəzi oyunçularımız hazır deyildi. Bu səbəbdən əsas heyət üzvlərinə dincəlmək üçün şans verə bilmədik. Təbii ki, mövcud vəziyyətdə basketbolçularımız oyun boyu yüksək tempi qorumaqda çətinlik çəkdilər. Ötürmələrdə və atışlarda sadə səhvlərə yol verdik. Belə qarşılaşmalarda düzgün qərar vermək üçün tələsməmək lazımdır. Müsbət məqam odur ki, bu sürətlə oynaya biləcəyimizi nümayiş etdirdik”.
Vasiladis yerli basketbolçuların potensialına da toxunub. O, azərbaycanlı oyunçuların istedadlı olduqlarını, lakin daha çox çalışmalı olduqlarını qeyd edib:
“Bu gün yerli oyunçularımız şans qazandılar. Azərbaycanlı basketbolçular istedadlıdırlar və oynamağa böyük həvəsləri var. Lakin daha çox çalışmalıdırlar. Xaricdə uşaqlar artıq 5-6 yaşlarından basketbolla məşğul olmağa başlayırlar. Milyonlarla uşaq arasından milli komandaya cəmi beş nəfər seçilir. 14 yaşında bu idmana başlayan şəxs 6 yaşından məşğul olan biri qədər basketbolun sirlərinə dərindən yiyələnə bilməz. Mən bu sahədəki biliklərimi və xaricdə qazandığım təcrübəni bölüşməyə hər zaman hazıram”.