
İdman jurnalisti Daşqın Əziz 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb.
O, Apasport-a müsahibəsində könüllü olaraq yollandığı cəbhədə yaşadığı hadisələrdən danışıb.
- Müharibə ilə bağlı təəssüratların necədir? Ağır günlər idi…
- Əlbəttə, müharibəni heç kim arzulamır. Bu nəsnə bəşər tarixinin ən böyük fəlakətidir. Fəqət torpaqlarımız işğal altında qaldıqca başqa çarə yox idi. İllərdir aparılan danışıqlar bəhrə vermədikdən sonra Azərbaycanın doğma torpaqlarını hərb yolu ilə azad etməkdən başqa çarəsi qalmadı. İkinci Qarabağ savaşının bir parçası olmaq isə mən və bütün müharibə iştirakçıları üçün müqəddəs hiss, qürur idi. Xoşbəxtəm ki, bu tarixin kiçik bir parçası oldum.
- Hansı hisləri keçirirdin? Sivildən cəbhəyə yollanmaq necə hiss etdirirdi?
- Müharibə şəraitində yaşadığımız illərdə tez-tez "döyüşlər başlayacaq", "filan vaxt torpaqlarımızı azad edəcəyik" tipli fikirlər səsləndirilirdi. Amma istər-istəməz bu deyilənləri sıradan hesab edirdik. Çünki mövcud sakitliklə barışmışdıq. Amma sən demə, bu, fırtına öncəsi sakitlik imiş. Vətən müharibəsindən əvvəl Tovuz döyüşləri oldu. Lakin bu döyüşlər də yarıda dayandırıldı. Yenə o fikrə düşdük ki, bu da Aprel döyüşləri kimi qısamüddətli savaş oldu. Məsələnin ciddiyyətinə is sentyabrın 20-də vardım. Hərbi komissarlıqdan zəng edib, təlimlərə çağırdılar. Telefonu asdıqdan sonra barmağımı dişlədim. Böyük bir müharibənin astanasında olduğumuzu hiss elədim. Hərbi təlimlərin birinci partiyasına qatılmadım, çünki axın var idi, mənə növbə çatmamışdı. Sentyabrın 27-də isə müharibə başladı. 2 gün sonra isə yenidən təlimlərə çağırıldım. Amma bu, adi təlim deyildi. Müharibə gedə-gedə təlimə çağırılmısansa, mütləq ki savaşın iştirakçısı olacaqsan. Bu çağırışı böyük sevinclə qarşıladım. Dərhal hazırlaşıb yola düşdüm. Həmişə arzum idi ki, torpaqlarımız uğrunda müharibə başlasın və mən də bu savaşın iştirakçısı olum. Bu da qismət oldu...
- Hansı şəhərlər uğrunda gedən döyüşlərdə iştirak etmisən?
- 22 günlük çətin dağ təlimlərindən sonra bizi Füzuli rayonunun yenicə işğaldan azad edilən Aşağı Seyidəhmədli kəndinə apardılar. Düşmən oradan qovulsa da, uzaqməsafəli artilleriya silahları ilə ərazini atəşə tuturdu. Elə oradaca müharibə ab-havasını yaşadıq. Mərmi partlayışı bir yana, qəlpələrin vızıltısını eşidirdik. Noyabrın 5-i idi, gecə saat 22:30-filan olardı. Qərargah rəisimiz tabora təcili toplanış əmri verdi. Uzaqdan hərbi maşın karvanının səsini eşitdik. Hiss elədik ki, daha da önə gedəcəyik. O "Ural", "Kamaz"lar bizi Şuşaya aparmağa gəlmişdi. Təxminən 15 maşın idi. Tabor olaraq həmin maşınlara mindik və üzü Şuşaya yol aldıq. Noyabrın 6-sı səhər saatlarında Daşaltı kəndinin yaxınlğında düşdük. Ordan isə cığırla piyada Şuşaya qalxdıq. Düşmənlə ilk döyüşümüz Şuşadan Xankəndiyə düşən yolda baş verdi. Dumanlı havada təxminən 40 düşmən hərbçisi bizi pusquya salmaq istədi. Yaxşı ki vaxtında bunun fərqinə vardıq və əlimizdə olan silahlarla onları məhv edə bildik. Döyüş yoladaşlarım qumbaraatanla demək olar ki, o 40 nəfəri pərən-pərən saldı. Həmin atəşdən sonra ermənilərin çoxu öldü, qalanları da qaçdı üzü Xankəndiyə. Əsas döyüşümüz isə noyabrın 8-i oldu. Şuşa-Xankəndi yolunda olduqca ağır, şiddətli savaş oldu. Taborumuzdan təxminən 60-dan çox hərbçi şəhid oldu. 100-dən çox yaralımız, əsir düşənləri demirəm hələ... Mən özüm də Xankəndinin yaxınlığında odlu silah yarası aldım. Film səhnələri kimi idi hər şey...
- Həmin torpaqlara 30 ildən sonra ayaq basan ilk azərbaycanlılardan olmaq hansı təəssüratları oyadırdı?
- Qorxuqarışıq sevinc və həyəcan... Dərə-təpəsini tanımırdıq, hər küncdən əlisilahlı düşmən əsgəri çıxa bilərdi, amma buna baxmayaraq, qürurla irəliləyirdik. Məsələn, Şuşa-Xankəndi magistralı üzərində, təpədə 1992-ci ildə vurulmuş düşmən tankının maketi vardı. Hansı ki o tank ərazi bötüvlüyümüz bərpa olunduqdan sonra Bakıya - Hərbi Qənimətlər Parkına gətirilib. Əlqərəz, o tankı görəndə məni sevincimdən qışqırdım. Çünki illərdir bu tankla bağlı Feysbukda Milli Qəhrəmanımız Albert Aqarunovun xatirəsinə açdığım səhifədə dəfələrlə paylaşım etmişdim. Mavi ekranlar arxasında gördüyüm bu tankı indi canlı seyd edirdim. Qeydi-adi hisslər idi.
- Ən yaddaqalan anlarından bir neçəsini bölüşərdin…
- Bilmirsən, hansını deyəsən. O qədər maraqlı hadisə olub ki. Birini deyim ki, yaralanaraq Xankəndi tərəfdən Şuşa Qalasına doğru irəliləyirdim. Gördüm ki, bir hərbçi yolun ortasında dayanıb, qəzəbli şəkildə mənim ona yaxınlaşmağımı gözləyir. Geyimindən, dəbilqəsindən sezdim ki, xüsusi təyinatlılardandır. Ona yaxınlaşar-yaxınlaşmaz aqressiv şəkildə dağ yolu ilə qalaya qalxmağımı istədi. Mən isə onu anlaya bilmirdim. Yaralı olduğum halda mənimlə niyə bu cür davrandığını başa düşməkdə çətinlik çəkirdim. Hətta yarı yolda avtomatı doldurdum sakitcə. Mən elə zənn edirdim ki, deyəsən, əsir düşmüşəm, bu da ermənidir. Gözləyirdim ki, o, avtomatın qoruyucusunu endirər-endirməz onu vurum. Nəysə, belə bir şey baş vermədi. Deyinə-deyinə məni Şuşa Qalasına təhvil verdi və yoxa çıxdı. Sizə nədən danışım. Müharibə qurtardıqdan bir ay sonra bu oğlanı soraqlaşmağa başladım. Çox istəyirdim ki, onunla mülki həyatda görüşüb, təşəkkür edim. Hansı formada olsa da, mənim həyatımı xilas etmişdi. Amma gecə sosial şəbəkələrdə qarşıma çıxan xəbər məni şoka saldı. Sən demə, Daxili Qoşunların Xüsusi Təyinatlı Dəstəsinin baş leytenantı olan Rüfət Nəbizadə müharibədən sonra ona məxsus evdə intihar edərək həyatın son qoymuşdu. Bu xəbər məni psixoloji cəhətdən çökdürdü, inana bilmirdim. Görün müharibədə nələr görüb, nə travmalar alıb ki, qayıtdıqdan sonra canına qıyıb. Allah ailəsinə səbir versin!
- Qələbə qazandığımızı eşidəndə reaksiyan necə olmuşdu?
- Həmin vaxt Şuşadakı "Xarıbülbül" hotelinin (onda adı "Shushi Grand Hotel" idi) zirzəmisində yaralıların yanında uzanmışdım. Ermənilər Xankəndidən 120 mm minaatan və tanklarla Şuşanı aramsız atəşə tuturdu. Hətta olduğumuz hoteli də vururdular, çünki görmüşdülər ora yığıldığımızı. Gecəyarı idi, birdən-birə ətrafa sükut çökdü. Dedik, yəqin yenə başlayacaqlar. Amma başlamadılar. Bu zaman XTQ gizirlərindən biri sevincək içəri girib, "gözünüz aydın, kişilər, müharibə bitdi" dedi. Həmin an yaşadığım sevinc hisslərini isə sözlə ifadə edə bilmərəm...