"Neftçi" bu oyunla hər şeyi həll edə bilər" - Arif Əsədov
16.04.2026 - 16:19
"Neftçi" bu oyunla hər şeyi həll edə bilər" - Arif Əsədov

“Neftçi” – “Zirə” matçı turun ən maraqla gözlənilən qarşılaşmalarından biridir".

Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan milli komandasının sabiq baş məşqçisi Arif Əsədov deyib.

O, bu matçın hər iki komanda üçün çox vacib olduğunu vurğulayıb:

“Bu görüşün hər iki tərəf üçün "6 xal" dəyərində olduğunu düşünürəm. Çünki komandalar turnir cədvəlində qonşu pillələrdə qərarlaşıblar. Bu qarşılaşma "Neftçi" üçün daha əhəmiyyətlidir. Bakı təmsilçisi avrokuboklara vəsiqə qazanmaq istəyirsə, mövsümü 4-cü pillədə tamamlamalıdır. "Zirə"də isə kubok amili var – komanda digər turnirdə də hələ şanslarını davam etdirir. Qarşılaşmaya proqnoz vermək çətindir, lakin mənim fikrimcə, görüş heç-heçə ilə başa çatacaq”.

O, hər iki tərəfin avrokubok şanslarını da dəyərləndirib:

“Hazırda komandalar daxili çempionata fokuslanıblar. Təbii ki, hər iki təmsilçimiz ölkəmizi avrokuboklarda layiqincə təmsil etməyə qadirdir. "Neftçi" son illərdə Avropa turnirlərində çıxış etmir. Düşünürəm ki, "flaqman" qarşıdakı mövsümdə avrokuboklara vəsiqə qazansa, daha istəkli çıxış edəcək. "Zirə" isə mütəmadi olaraq bu turnirlərdə iştirak edir və bu baxımdan daha oturuşmuş heyətə malikdir. Lakin klubun büdcə məhdudiyyətləri var. Maddi imkanlara görə isə "Neftçi" hazırda rəqibini üstələyir”.

Qeyd edək ki, “Zirə” – “Neftçi” matçı sabah saat 19:30-da başlayacaq.