
“Olimpiakos” və “Zirə”nin sabiq futbolçusu Anastasios Papatsoğlu Apasport.az saytına müsahibə verib.
- Hazırda nə işlə məşğul olursan? Niyə futbol sahəsində işləməyi seçmədin?
- Yaxşı layihə olacağı təqdirdə, futbola qayıdacam.
- “Zirə”dən ayrıldıqdan sonra bu komandanı izləyirsiz? Onlar 2024/2025 mövsümündə Azərbaycan Premyer Liqasında ikinci pilləni tutdular...
- Əlbəttə ki, “Zirə”dən ayrılsam da, bu komandanı daim izləyirəm. Son mövsümdə də ikinci pilləni tutdular. Həqiqətən son mövsümdə hər şey daha yaxşı alındı və uğurlu oldular. Artıq neçə illərdir ki, “Zirə”nin yaxşı baş məşqçisi var. Əslində, bu cür uğur olacağı gözlənilən idi. Onları təbrik edirəm.
- Legioner həyatını yeganə olaraq, Azərbaycanda yaşamısan. “Zirə”dəki karyeranı necə dəyərləndirirsən? Daha uzun müddət qala bilərdin komandada?
- Hər şey çox yaxşı başlamışdı. Sadəcə həmin vaxtı baş məşqçi postundakı dəyişiklik hər şeyi alt-üst etdi. Karyeramı başqa komandada davam etməli oldum. Təbii ki, orada da kluba kömək etməyə çalışıram.
- Sabiq komandanı izlədiyin üçün yəqin ki, bilirsən “Zirə” avrokuboklarda “Hayduk”la qarşılaşacaq. “Zirə”nin “Hayduk”u keçmək şanslarını necə dəyərləndirirsən?
- “Zirə”yə avrokuboklarda uğurlar arzulayıram. Düzdür, “Hayduk” təcrübəli komandadır. Uzun illərdir ki, avrokuboklarda iştirak edirlər. “Hayduk” yaxşı komandadır. Amma “Zirə”yə də inanıram. Təbii ki, onları keçmək çətin olacaq. Lakin mümkünsüz heç nə yoxdur. Necə olacağını zaman və oyunlar göstərəcək.
- Yeri gəlmişkən, Yunanıstan təmsilçisi “Aris” də Azərbaycan klubu ilə qarşılaşacaq. Onlar “Araz Naxçıvan”la oynayacaq. Səncə, püşkatmada “Aris”in bəxti gətirdi, yoxsa daha uyğun rəqib düşə bilərdi?
- Yunanıstan klubları avrokuboklarda həmişə iddialıdır. Təbii ki, söhbət “Aris”dən gedirsə, onu deyim ki, çox güclü komandadan danışırıq. “Aris” güclüdür. Böyük tarixi olan klubdur, çılğın azarkeşləri var, oyunlar əla atmosferdə keçir. Bəli, “Aris”in “Araz-Naxçıvan”la düşdüyünü bilirəm. İnanıram ki, “Aris” qalib gələrək növbəti mərhələyə adlayacaq.
- Ümumiyyətlə, Yunanıstanda insanlar nə düşünür, yəqin “Aris” üçün heç bir sürpriz qəbul edilməyəcək?
- Burada bir məsələ mövsümün əvvəli olmasıdır. Hər halda, komanda mövsümdəki ilk görüşünü məhz avrokubokda keçirəcək. Mövsümün əvvəlində isə bəzən sürprizlər də baş verir. Lakin fikrimcə, “Aris” üçün “Araz-Naxçıvan” səddini keçərək növbəti mərhələyə adlamaq çətin olmayacaq.