Quba şəhərində yerləşən Milli Azərbaycan Qolf Klubunda Azərbaycan Qolf Federasiyasınin təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qolf üzrə Azərbaycan Çempionatı və Ölkə Birinciliyi 2026 təşkil olunub.
Apasport.az xəbər verir ki, bu yarış Azərbaycan qolf tarixində əlamətdar hadisə kimi yadda qalıb.
İlk dəfə olaraq yalnız Azərbaycan qolfçularının iştirakı ilə keçirilən rəsmi ölkədaxili çempionat və birincilik ölkədə qolf idman növünün inkişafına mühüm töhfə vermək məqsədi daşıyıb. Turnirin əsas hədəfləri arasında yerli idmançıların peşəkarlıq səviyyəsinin yüksəldilməsi, sağlam rəqabət mühitinin formalaşdırılması və yeni istedadların üzə çıxarılması yer alıb.
Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Vətən uğrunda canlarını fəda edən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən Azərbaycan Qolf Federasiyasının vitse-prezidenti Anar Əzimov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb və yarışın ölkədə qolfun inkişafı baxımından əhəmiyyətini vurğulayıb.
Turnirdə Azərbaycanın müxtəlif bölgələrini təmsil edən qolfçular iştirak edib. İdmançılar yüksək peşəkarlıq nümayiş etdirərək fair-play prinsiplərinə sadiq qalıblar. Gərgin mübarizə şəraitində keçən yarış iştirakçılar və qolf həvəskarları tərəfindən böyük maraqla qarşılanıb.
Yarışın yekun nəticələrinə əsasən:
Birinci yer - Gülnarə Əsədova
İkinci yer - Emin Rzayev
Üçüncü yer - Eldar Kərimov
Gülnarə Əsədova ümumi sıralamada birinci yeri tutaraq Azərbaycan qolf tarixində ölkə çempionu adını qazanan ilk qadın qolfçu kimi tarixə düşüb.
Xüsusi nominasiyalar
Best Gross Winner - Emin Rzayev
Longest Drive Winner - Amir Kərimov
Nearest the Pin Winner - Emin Rzayev
Nearest the Pin Winner - Gülnarə Əsədova
Qaliblər kubok, medal və diplomlarla mükafatlandırılıb. Hədiyyələr Milli Azərbaycan Qolf Klubu və Lexus Bakı tərəfindən təqdim olunub. Mükafatlandırma mərasimində qaliblərə mükafatları Azərbaycan Qolf Federasiyasının Baş katibi Arif Novruzov və vitse-prezident Anar Əzimov təqdim ediblər.
Turnirin keçirilməsində Sarda Group, Electrify Azerbaijan, Azerbaijan Energy Automotive Factory, Azergold, Lexus Bakı və Milli Azərbaycan Qolf Klubu sponsor kimi çıxış edərək yarışın yüksək səviyyədə təşkilinə töhfə verib.
Azərbaycan Qolf Federasiyası ölkədə qolf idmanının inkişafı, yeni idmançıların hazırlanması və beynəlxalq standartlara uyğun yarışların təşkili istiqamətində fəaliyyətini davam etdirəcəyini bildirib.
- Milli Olimpiya Komitəsinin nümayəndə heyəti AOK-un 55-ci Baş Assambleyasında iştirak edir
- Azərbaycan Ruandaya badminton avadanlıqları göndərib
- Məktəblilərin Respublika İdman Olimpiadasına start verilir
- Azərbaycanın trek velosipedi millisi beynəlxalq yarışlarda mübarizə aparacaq
- MPK-nın nümayəndə heyəti İstanbulda Avropa Paralimpiya Komitəsinin forumunda iştirak edib