"Xalqımıza təşəkkür edirəm ki, daim bizimlə olur".
Apasport.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov jurnalistlərə açıqlamasında deyib:
"Özümüz də kasıblıqla böyümüşük. Daim qələbələr olsa, nə marağı olacaq? Kim bizi acılayacaq, kim tənqid edəcək? Normal qəbul edirəm. Maşında gəlirəm, sağdan biri siqnal verir, soldan biri deyir ki, təşəkkür edirəm. Neqativ heç nə görməmişəmsə, xalqım haqda necə neqativ düşünə bilərəm? Həmişə xalqımla birlikdəyəm. Uduzsaq, həvəsdən düşməməyə çalışacam".
53 yaşlı mütəxəssis "Qarabağ"ın UEFA Çempionlar Liqasının əsas mərhələsində çıxışına münasibət bildirib:
"Bu döyüşə girmişiksə, sona qədər mübarizə aparacağıq. Məğlub olsaq da, şərəflə məğlub olmaq istəyirik. Həqiqətən uğurlu bir yoldur. Məqsədimiz Çempionlar Liqasının qrupuna düşmək idi. Şükürlər olsun ki, bunu bacardıq. Bəlkə də hamının düşüncəsi o idi ki, bir qələbə olsun. Çox şükür ki, artıq iki qələbəmiz var. Azərbaycana tanınmış klubların gəlməsi çox gözəl haldır. Azarkeşlər, futbol ictimaiyyəti üçün maraqlıdır. Son vaxtlar bir qədər aqressiv futbol oynayırıq. Son matçda komandamızın fiziki durumu ən yaxşı səviyyədə idi. Bu gün 60-70 dəqiqə tab gətirə biliriksə, deməli, sabah daha da irəli gedə bilərik. Təəssüf ki, Azərbaycan çempionatında bu tempi görmürük. Bununla belə, çalışırıq ki, rəqiblərə aciz şəkildə məğlub olmayaq".
Qeyd edək ki, Qurbanov 63 jurnalistin qatıldığı sorğuda 58 səs toplayaraq bütün rəqiblərini qabaqlayıb. Bununla da o, 15-ci dəfə Azərbaycanın ən yaxşı məşqçisi adını qazanıb.