Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov mətbuat konfransı keçirib.
Apasport.az xəbər verir ki, o, futbolçularına edilən təkliflər barədə danışıb:
“Hər futbolçunun vəziyyətini başa düşmək olar. Onlar üçün zənglər davam edir. Bəzi hallarda oyunçuların müştəriləri çoxalır. Bu da bizi narahat edir. Amma hər şey qaydasına düşür. Marko Yankoviçlə bağlı durum normaldır. Yerli və xarici futbolçularımıza maraq var. Bəlkə də, azərbaycanlı futbolçulara maraq daha çoxdur”.
Qurbanov futbolçu transferinə daha çox vaxt ayırdıqlarını deyib:
“Danışıqlar gedir. Hansı səviyyədə davam edəcəyini görəcəyik. Bəzi mövqelərdə oyunçuların sayını artırmaq niyyətindəyik. Ötən il çox güc sərf etdik. Bu səviyyədə işimizi qoruyub saxlamaq və davam etmək istəyiriksə, heyətə yeni oyunçular cəlb etməliyik. Futbolçu Bakıya gəlməyənə qədər deyə bilmərik ki, keçid həll edilib. Bəzən son anda alınmayanlar olub. UEFA Çempionlar Liqasında mərhələ keçsək də, heyəti çox dəyişə bilmərik. Biz futbolçulardan narazı olduğumuz üçün yox, heyəti genişləndirmək məqsədi ilə oyunçu axtarırıq”.