
“Fikrimcə, bu gün Azərbaycan futbolu üçün çox vacib gündür. “Qarabağ” ikinci dəfə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə qazanmağa çox yaxındır. İnanmıram ki, təmsilçimiz azarkeşləri önündə meydandan məğlub ayrılsın”.
Bu sözləri Apasport.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Rauf Əliyev deyib.
Təcrübəli hücumçu hazırda yalnız “Qarabağ”ın ÇL səviyyəsində oynaya biləcək gücdə olduğunu bildirib: “Azərbaycanda hazırda “Qarabağ” kimi Çempionlar Liqasının əsas mərhələsinə düşə biləcək başqa bir komanda görmürəm. Bu da klublarımızın düzgün idarə olunmamasından qaynaqlanır. Tez-tez baş məşqçi dəyişikliyi, transferdə edilən səhvlər klublarımızın inkişafına mane olur. Əgər bu problemlər aradan qalxsa, niyə də digər klublarımız “Qarabağ” kimi ÇL-də oynamasın?!”.
Əliyev “Ferentsvaroş” futbolçularının verdiyi açıqlamalara da münasibət bildirib: “Onların dedikləri normaldır. Bu, rəqibə qarşı atılmış taktiki bir addımdır. Sadəcə özlərinə inam qazandırmaq üçün belə açıqlamalar verirlər. Amma “Qarabağ” çox təcrübəli komandadır. Məncə, bu açıqlamalar komandanı mənfi yox, əksinə müsbət şəkildə motivasiya edib”.
Veteran futbolçu sonda təmsilçimizə dəstəyini ifadə edib: “Qarabağ”a uğurlar arzulayıram. İnanıram ki, sonda sevinən tərəf biz olacağıq”.