“Sumqayıt”da ayrılıq baş verib.
“Apasport”un əldə etdiyi məlumata görə, komanda ilə daha bir il müddətinə müqaviləsi olmasına baxmayaraq Ruslan Əliyev komandanı tərk edib.
Bunun səbəbini öyrənmək üçün yarımmüdafiəçi ilə əlaqə saxladıq.
O, komandadan göndərilməsi haqda bunları söylədi: “Daim üzərimdə çalışdım. Lakin məşqçilərin qərarı belə idi. Nə etsəm də, heyətə düşə bilmirdim. “Sumqayıt”da qalmaq, oynamaq üçün canla-başla məşqlər edirdim. Lakin rəhbərlik məni komandada istəmədi. Müqaviləm olduğu halda komandada görülmürəm. Bunun səbəbini bilmirəm. Rəhbərliyin qərarı belədir. Komandanın baş məşqçisi olmadığı zaman onlarla əlaqə saxlasam da, məni istəmədiklərini bildirdilər. Hazırda klubsuzam və məşqlərimi individual şəkildə davam etdirirəm”.
“Sumqayıt” akademiyasının yetirməsi debüt matçında yaşadığı hisslərdən söz açdı: “Adım matçın iştirak ərizəsinə ilk dəfə salınmışdı. Oynayacağımdan əmin idim. Öz şəhərimdə, doğma komandamda meydana çıxmaq qürurverici idi. Normalda hər kəs üçün həyəcanlı andır. Lakin mən həyəcanlı deyildim, daha çox sevincli idim. Amma bu, daimi olmadı. Ötən mövsüm nəticələr uğursuz olduğundan akademiya futbolçularına güvənmədilər. Son oyunlarda isə avrokuboklara şans qalmadığı üçün yerlilərə şans verildi”.