UEFA-ya deyək ki, hər il “QARABAĞ”IN ADINI YAZ…
13.02.2026 - 12:14
UEFA-ya deyək ki, hər il “QARABAĞ”IN ADINI YAZ…

Həə, “Neftçi” - “Qarabağ” matçı təxirə salındı. Prosesin gedişatından mən də, siz də xəbərdarsınız. 

Əslində, oyunun təxirə salınmasını xahiş etmək “Qarabağ”ın ən təbii haqqıdır. Komanda sıx, ağır qrafikdədir. Hər klub kimi Ağdam təmsilçisi də belə bir istəklə çıxış etmək hüququna malikdir.

Ammmmmmaaaa…. Reqlamentə görə, bu halın baş verməsi üçün “Neftçi”nin razılığı mütləq idi. Hamımız da bilirik ki, “ağ-qaralar” qəti şəkildə bununla razılaşmırdı. Necəsə razı salındı, razı olmağa məcbur qaldı.

Halbuki “Neftçi”nin qarşı klubdan istəkləri dəfələrlə baş tutmayıb. 2012-ci ilin avqust və 2019-cu ilin may ayları buna bariz nümunədir. “Qarabağ”ı günahlandırmıram ha. Azad klubdur, istədiyi qərarı verə bilər. Kimsə istədi deyə oyunu təxirə salmaq və ya stadionu dəyişmək kimi məcburiyyəti yoxdur. 

Bəs belədirsə, “Neftçi” niyə məcbur qalır? Eyni hal deyil? Onda idman prinsiplərini vecinizə alırdınız, indi almırsınız?

Başa düşürəm, “Qarabağ” Avropa səhnəsində ölkəmizi möhtəşəm təmsil edir, bol-bol uğur qazanır. Amma bu, idman prinsiplərini, reqlamenti və ədalət tərəzisini heçə saymaq üçün doğru səbəblərdir?

Bəs yaxşı, digər klublar necə olacaq? “Neftçi” bəlkə də son 5 ildə belə yorğun “Qarabağ” görməmişdi, növbəti illərdə də görməyəcək. Əzəli rəqibini məğlub etmək şansı bariz şəkildə əlindən alındı. Hələ mövsümün sonunda komanda 3 xalla avrokuboklardan kənar qalsa, nələrin olacağını demirəm. 

Lap “Neftçi”ni başa düşdüm, hazırda komandanın ciddi iddiası yoxdur. Amma ilk çempionluğuna inamla irəliləyən “Sabah”ın da qarşısı kəsilir axı. 

Hamımız bilirik ki, “Qarabağ” çox güclüdür. Öz adıma deyirəm, hər keçən gün daha da güclənməsini istəyirəm. Komandanın qazandığı uğurlarla qürur duyuram. Amma Avropada uğur qazanmaq ölkə çempionatında ədalətsizlik etmək üçün səbəb deyil. Yox, Azərbaycanda yalnız bir komandanın olduğunu deyirsinizsə, bağlayaq çempionatı, kuboku da verək “Qarabağ”a. Boşuna nəyin tamaşasını izləyirik ki? Gedək UEFA-ya da deyək ki, bizdə liqa olmayacaq, sən hər il Çempionlar Liqasına “Qarabağ”ın adını yaz. 

Başqa vaxt ölkə futbolunda rəqabətin olmadığından dəm vuranlar indi niyə təxirə salınmanı doğru qərar kimi görür? Hazırda liqada gül kimi də rəqabət var! Amma imkan vermirsiniz. 

Şərtlərlə uyğunlaşın bəylər, şərtləri özünüzə uyğunlaşdırmayın!