
Qubada keçirilən 12 yaşlı futbolçular arasında II “Ulduz Cup” beynəlxalq futbol turnirinə start verilib.
Apasport.az xəbər verir ki, bu gün Gənclər və İdman Nazirliyi, AFFA və “Ulduz” Futbol Akademiyasının təşkilatçılığı ilə baş tutan turnirin açılış mərasimi keçirilib.
Çıxış üçün söz Quba rayon İcra Hakimiyyəti nümayəndəsi Arif Babayevə verilib. O, iştirakçıları salamlayıb, komandalara uğurlar arzulayıb.
Gənclər və İdman Nazirliyinin nümayəndəsi Elçin Qasımov Qubanın idman paytaxtı seçilməsi və ötən mövsüm ilk “Ulduz Cup” turnirinin burada keçirilməsindən danışıb. Onun sözlərinə görə, ötən ilki yarışda 4 xarici komanda iştirak etsə də, bu dəfə həmin say 8-ə çatıb. Qasımov ölkədə belə yarışların keçirilməsinin vacibliyini vurğulayıb.
Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, Quba Olimpiya İdman Kompleksinin stadionunda təşkil olunan turnirdə Azərbaycanı “Ulduz” FA, “Qarabağ” FK, “Sabah” FK və “Neftçi” PFK, Türkiyəni “Trabzonspor məktəb” və “Başakşehir” FK, Gürcüstanı “Dinamo Tiflis”, Özbəkistanı “Paxtakor” FK və “Bunyodkor”, Qırğızıstanı “Sduşorsi”, Qətəri “Aspire Akademiyası”, Qazaxıstanı isə “Şaxtyor” FK təmsil edirlər.