
Albaniyanın "Partizani" klubunun futbolçusu Vüsal İsgəndərli apasport.az saytına müsahibə verib.
- Albaniyada klub olaraq işləriniz yaxşı getmir. Bunun səbəbi nədən irəli gəlir?
- Çempionata az qalmış baş məşqçimiz komandadan ayrıldı. Yeni baş məşqçi gələndə isə zamanımız yox idi. 6-7 zədəli oyunçumuz var idi. Uduzduğumuz zaman da çox ruh düşkünlüyü yaşayırıq. Yəni, bütün sadaladığım məsələlər səbəb ola bilər. İstənilən halda, bunun düzələcəyinə əminəm.
- Amma özün qollarını vurursan, performansın yaxşıdır. Öz performansından razısan?
- Təbii ki, komanda yaxşı getmirsə, öz performansımdan razı ola bilmərəm. İnanıram ki, daha yaxşısını edə bilərəm. Komandama daha çox qələbə qazandıra bilərəm, bunu bacararam.
- Milli komandaya dəvət edilmədin. Gözləyirdin? Səncə, niyə dəvət edilmədin?
- Əlbəttə ki, milli komandamızdan dəvət gözləyirdim. Amma baş məşqçimizin qərarıdır və buna hörmətlə yanaşıram. Daim öz üzərimdə işləməyə davam edəcəm.
- Səncə, Albaniya liqasında oynayıb milliyə düşmək çətindir? Milliyə düşmək üçün bəs etmir?
- Məncə, Albaniya liqası istər səviyyə, istər prestij, istərsə də futbolçunun inkişafı baxımından yaxşı durumdadır. Hər halda, burada rəqabətli çempionat gedir, futbolçular buradan daha da yaxşı liqalara gedə bilir.
- Klubda milliyə dəvət edilməməyinlə bağlı heç sənə nəsə deyirlər?
- Bəli, deyirlər. Bu dəfə milli komandaya dəvət olunacağımı düşünürdülər. Hər halda, xeyirlisi olsun. Mən dediyim kimi, işləməyə davam edirəm. Ümidvaram ki, hər şey yaxşı alınacaq. Milli komandamıza da qarşıdakı matçlarda uğurlar arzulayıram.
- Milliyə düşmək üçün bəzən liqanı dəyişməyi heç düşünürsən? Məsələ orasındadır ki, Türkiyədə oynadığın vaxtda da milliyə dəvət edilmədin. Bunun nəsə xüsusi səbəbi var, yoxsa axır-əvvəl dəvətin olacağına ümidlisən?
- Xeyr. Yenə deyirəm, Albaniya liqası yetərincə səviyyəli liqadır. Bunu nəticələrdən də görmək olar. Allah qoysa, milliyə yenidən dəvət edilərəm. Olmasa belə, edəcək bir şey yoxdur. Daha yaxşı oynayıb, daha uğurlu olmağa fokuslanacam. Milli də hamımızın döyünən ürəyidir, komandamıza qarşıdakı matçlarda ən yaxşı nəticələri arzulayıram.