[b]“Bu təcrübə millidə də köməyimə gələcək” - FOTOSESSİYA[/b]
14.01.2015 - 15:14
[b]“Bu təcrübə millidə də köməyimə gələcək” - FOTOSESSİYA[/b]

“Ölkəmizdə velosiped idmanına göstərilən diqqət və qayğı hər birimizi daha da ruhlandırır. Bunun üçün mənim də məsuliyyətim böyükdü”. Bu fikirləri apasport.az saytına açıqlamasında Azərbaycan millisinin velosipedçisi Elgün Əlizadə deyib.

 

Ölkəmizin ən məşhur incəsənət nümayəndələrinin bir neçəsi iyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarının "Ulduz elçiləri" olacaq. Muğam Mərkəzində keçirilən təqdimat mərasimində musiqi, televiziya və incəsənət sahəsi üzrə 13 nəfər ulduzun adı açıqlanıb. Seçimə əsasən, velosiped idman növünü İlkin Həsənli təmsil edəcək.

 

Bakı-2015-in idman elçilərindən Əlizadə bildirib ki, bu möhtəşəm yarışa qatılacağı halda Azərbaycanın idman şərəfini layiqincə qorumağa çalışacaq: “Çıxış etdiyim bütün yarışlarda məqsədim bayrağımızı yüksəklərə qaldırmaqdı. Bildiyiniz kimi, yeni mövsümdən “Synergy Baku”da da debüt edəcəm və təbii ki, onlarla qatılacağım turnirlər təcrübə baxımından çox faydalı olacaq. Bu təcrübə millidə də köməyimə gələcək. Avropa Oyunlarında mənə etimad göstərilərsə, yerli publika önündə inamlı çıxışıma inanıram”.

 

Avropa Oyunlarının “Ulduz elçisi” Həsənli də velosiped idmanını sevdiyini deyib. Onun sözlərinə görə, bəxtinə idmanın bu növü düşməsi ürəyincə olub: “Mən artıq 2 ildi velosiped sürürəm. Bu, idmanın bu növünə sevgimdən irəli gəlir. Xoş oldu ki, velosiped idmanı mənim bəxtimə düşdü”.

 

Qeyd edək ki, "Ulduz elçilər"in iyunun 12-də başlayacaq idman tədbiri haqqında müraciət və mesajlarını bölüşmək məharətindən istifadə etməklə, Bakı-2015 ilk Avropa Oyunlarının Azərbaycan və Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq. İştirakçılar Bakı-2015-in obyektlərinə baş çəkmək, gerisayım tədbirlərində iştirak etmək, kampaniyaları dəstəkləmək və öz sosial media kanallarından istifadə etməklə milyonlarla pərəstişkar arasında Oyunların təbliğ olunmasına kömək göstərəcəklər.