Avropa Olimpiya Komitələrinin (AOK) Koordinasiya Komissiyasının Bakıda keçiriləcək I Avropa Oyunları ilə bağlı sayca 5-ci - sonuncu iclasına həsr olunmuş mətbuat konfransı təşkil olunub. Apasport.az saytının məlumatına görə, tədbir 2015-ci ilin iyununda Azərbaycan paytaxtında baş tutacaq yarışa həsr olunan filmin nümayişi ilə başlayıb.
Burada Oyunların proqramına daxil olan idman növləri, Avropa Oyunlarını qəbul edəcək arenalar, həmçinin Bakının tarixi və görməli yerləri nümayiş olunub. Ardınca qonaqlar ölkəmizə səfər, mötəbər yarışa hazırlıq barədə fikirlərini açıqlayıb.
Avropa Olimpiya Komitəsinin (AOK) prezidenti Patrik Hikki gördüklərindən məmnun qaldığını bildirib: “Azərbaycana və Avropa Oyunlarının Təşkilat Komitəsinə bizi hərarətlə qarşıladıqları üçün təşəkkür edirəm. Xüsusilə, komitənin sədri Mehriban Əliyevaya minnətdarlıq edirəm. Könüllülərin uniformaları çox əladı. Prezident İlham Əliyevə də təşəkkür edirəm. Təbliğata yüksək yer verilib və bu Davosda da xüsusi vurğulanmışdı. Dostum Azad Rəhimova da təşəkkür edirəm və artıq onunla qardaşlaşmışıq. Gördüyümüz idman qurğularından xeyli razı qalmışıq. Xüsusilə də burada olmayan həmkarlarım dünən baxıb, çox məmnun qaldılar. Artıq Avropa Oyunlarını 2019-cu ildə qəbul edəcək ev sahibi də bəlli olmaqdadı. Biz bunu bugünlərdə açıqlayacağıq. AOK-a üzv olan 50 Milli Olimpiya komitəsi var. Onların hamısı, o cümlədən Ermənistan da yarışda iştirak edəcək. Bu yarışla Olimpiya növləri ilə yanaşı, bəzi növlərə yeni yol göstərmiş oluruq”.
Koordinasiya Komissiyasının sədri Spiros Kapralos hazırlıq prosesindəki irəliləyişdən danışıb. Onun sözlərinə görə, Azərbaycan götürdüyü öhdəliyi məharətlə yerinə yetirib: “İndiyə kimi bizimlə bərabər çalışanlara təşəkkür edirəm. Bu, sonuncu iclas idi. Bundan sonra daha kiçik heyətlər Bakıya səfər edəcəklər. Bu ən kiçik işləri belə həyata keçirmək, hansısa çətinliyin qalmaması üçündü. Hər şey çox təqdirəlayiqdi. 1400-1500 insan bu işi həyata keçirmək üçün işləyirlər. Olimpiya parkına, Bakı Atçılıq Mərkəzinə, Dağ Velosiped Parkına, Heydər Əliyev Arenasına baxış keçirdik. Çox əladı, çox dəyişib. Bunu nəqliyyata da aid etmək olar. Gözəl infrastruktur yaradılır. İndi artıq məqsədimiz sınaq yarışlarına yönələcək. Bu, iyunda oyunların mötəbər şəkildə keçirilməsinə kömək edəcək. Bizim Azərbaycanın bu yarışı yüksək səviyyədə keçirəcəyinə heç bir şübhəmiz yoxdu. Səfər zamanı müstəsna irəliləyiş gördük. Biz əminik ki, hər şey yüksək səviyyədə olacaq. Amma həmişə böyük tədbirlərdə demişəm ki, yekun qərarı son insan buradan gedəndən sonra verəcəyik”.
Avropa Oyunlarının Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq görülən və görüləcək işlərdən bəhs edib: “Komissiya üzvləri idman obyektlərinə səfər etdilər. Onlar görülən işlərdən çox razıdılar. 6400 idmançının qatılacağı yarışı qəbul etmək üçün 70 faiz hazırdı. 30 faizində isə işlər tamamlanır. İşçi qüvvəsinin 68 faizi azərbaycanlıdır. Ümumilikdə 43 millətin nümayəndələri çalışır. Könüllülər isə 18 min nəfərdi və əlavə də qatılanlar olacaq. 43-ü Avropa olmaqla, 63 yayım sazişi imzalanıb. Görüntülər ötürülməsində 73 faiz deməkdi. Hər gün minimum 5,1 saat canlı yayım olacaq. Biz Avropadan kənar 75 ölkə ilə də razılıq əldə etmişik ki, yarışlar göstərilsin. Avropa Oyunlarının startına 126 gün qalıb. Görüləsi işlər də var və çalışacağıq ki, hər şey yüksək səviyyədə olsun”.
Kleb Ermənistan yığmasının Azərbaycana neçə idmançı ilə gələcəyinin hələ dəqiqləşmədiyini deyib. Onun sözlərinə görə, ölkələrə kvota ayrılıb və bütün saylar tezliklə dəqiqləşəcək: “Bunun üçün də Ermənistan yığmasının neçə nəfərlə gələcəyini dəqiq deyə bilməyəcəm. Çünki yekun rəqəm gəlməyib. Bakıya gələcək 50 ölkə nümayəndələrinin olimpiya kəndində yerləşdirilməsi ilə bağlı bütün istəklər qeydə alınır, danışıqlar gedir. O cümlədən, Rusiya və Ukrayna yığmaları da nəzərə alınacaq. Bu sahədə təcrübəmiz var. Bu günlərdə Avstriyada Qış Avropa Festivalında da Lixtenşteynlə bağlı belə məsələ vardı. Komandalar arasında hər hansı xoşagəlməz halın yaşanmaması üçün ayrı yerləşdiriləcəklər”.
Gənclər və idman naziri Azad Rəhimov da qonaqları məmnun salan işlərin sürətini önə çəkib: “Koordinasiya Komissiyası bütün işlərə çox yüksək qiymət verib. AOK, xüsusilə də Hikkinin idman tədbirlərində təcrübəsi yüksək idi və bundan yararlandıq. Buna görə onlara təşəkkür edirik. Gördüyümüz işlər onları təəccübləndirir. Hər şey rekord sürətlə gedir. Bizim qısa müddət qalıb. Bu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasətidi. Biz növbəti dəfə sübut edirik ki, Azərbaycan idman ölkəsidi və belə yarışlar keçirmək təcrübəmiz var”.
Rəhimovun sözlərinə görə, bu oyunların böyük izi qalacaq və Bakının inkişafında xüsusi rol oynayacaq: “İstər parklar, istər binalar, həmçinin könüllülər baxımından əhəmiyyətlidi. Bu gələcəkdə də böyük yarışlar keçirməyimizə imkan verəcək. Azərbaycanın bacardığını göstərmək istəyirik. Azərbaycan irsini, tarixini, mədəniyyətini, Qafqaz vətənpərvərliyini nümayiş etdirmək istəyirik. Bu oyunlar gələcək inkişaf baxımından da çox önəmlidi. Gənclər üçün yeni fikir, yeni ideyalar formalaşdırır. Ölkəmizin 66 faizini gənclər təşkil edir və bu önəmlidi. Biz stolüstü tennis, badminton, və digər bu kimi yarışlara ev sahibliyi etməmişdik. Bu baxımdan da bizə önəmlidi. Bu idman növlərinə də ölkədə həvəs yaranacaq. Stadion və obyektlər 95-97 faiz hazırdı. Bugünlərdə İlham Əliyev stadionda gedən işlərlə də tanış oldu. Bəzi tamamlama işləri, səhnələrin quraşdırılması gedir. Hər şey yaxşı və yüksək səviyyədə olacaq”.