“Oğlum Avropa Oyunlarında güləşəndə çox həyəcan keçirdim”. Bu sözləri apasport.az saytına açıqlamasında I Avropa Oyunlarının bürünc mükafatını qazanan Elman Muxtarovun atası Coşqun Muxtarov deyib.
Güləşçi atası oğlunun 59 kq çəki dərəcəsində Avropa Oyunlarında qazandığı uğurdan söz açıb.
O bildirib ki, Elmanın bürünc medal uğrunda erməni güləşçisi Roman Amoyanla döyüşü zamanı daha çox həyəcanlanıb: “Oğlum erməni ilə güləşəndə daha çox həyəcan keçirdim. Xoşbəxtlikdən, Elman bu döyüşdə rəqibini 9:1 hesabı ilə məğlub edib, qələbə qazandı. Bütün görüşlərinə zaldan baxdım. Erməni ilə qarşılaşanda zalda 40 nəfər idik. Qohum-əqrəba, dost-tanış, hamı onu dəstəkləməyə gəlmişdi. Oğluma inanırdım. Çünki yarışa çox hazırlaşmışdı. Xalqıma da minnətdaram ki, Elmanı sona qədər dəstəklədi”.
Vaxtilə güləşlə məşğul olduğunu deyən Coşqun Muxtarov oğluna daim məsləhət verdiyini qeyd edib: “Ailədə ondan başqa güləşçi yoxdu. Elman bir oğlandı, başqa oğlum yoxdu. Onu idmana mən gətirmişəm. Özüm də vaxtilə güləşlə məşğul olmuşam. Məsləhət bilmişəm ki, Elman da güləşçi olsun. Onu idmana qoydum, ümidlərimi doğrultdu. İndi görürəm ki, qəhrəmandı. Elmanın bütün görüşlərini izləyirəm. Tövsiyələrimi verirəm. Demək olar ki, mənim məsləhətimlə məşq edir. Elmanın bütün məşqçilərinə minnətdaram. Əziyyətləri çox olub”.
Muxtarovlar ailəsi qarşıdakı yarışlarda da Elmandan uğur gözləyir. Coşqun Muxtarov oğlunu Olimpiya çempionu görmək arzusundadı: “Bundan sonra onu dünya çempionatı gözləyir. İnanıram ki, Elman dünya çempionu olacaq. Bundan əlavə, Olimpiya Oyunlarında güləşməsini və Braziliyadan qızıl medal gətirməsini çox istəyirəm. Ona güvənirik. Bilirəm ki, Elman bunu bacarar”.
Tengiz MƏMMƏDOV