“Atletiko” Madrid derbisinə Avropa Oyunlarının loqosu ilə çıxacaq
07.02.2015 - 14:52
“Atletiko” Madrid derbisinə Avropa Oyunlarının loqosu ilə çıxacaq

İspaniya çempionu “Atletiko” mövsümün qalan hissəsində ilk Avropa Oyunlarının loqotipini formasında əks etdirəcək. Apasport.az saytının məlumatına görə, bununla bağlı tərəflər arasında artıq müqavilə bağlanıb.

 

Anlaşmaya görə, “Atletiko”nun formasında 2014-15 mövsümünün sonuna qədər La Liqa və Çempionlar Liqası matçlarında Avropa Oyunlarının loqotipi əks olunacaq. “Atletiko”nun hazırkı turizm mövzulu “Land of Fire Azerbaijan” loqotipi bu gün “Vinsente Kalderon” stadionunda “Real”la keçiriləcək Madrid derbisində yenilənəcək.

 

“Atletiko”nun baş icraçı direktoru Migel Anxel Gil Marin bu anlaşmadan məmnunluq duyduqlarını bildirib: “Oyunçularımız bu gündən etibarən mövsümün sonunadək böyük qürur hissi ilə Bakı 2015 loqotipli formalarını geyinəcəklər. İlk Avropa Oyunları qitənin idman sahəsindəki inkişafında irəliyə atılan böyük bir addımdı və biz İspaniya və Avropanın lider futbol klublarından biri olaraq bu Oyunları təbliğ etməkdən olduqca məmnunuq.”

 

Bakı 2015-in kommersiya direktoru Çarli Viceratna isə deyib ki, “Atletiko” dünyanın ən tanınmış klublarından biridi: “Bakı 2015 loqotipinin onların formalarında əks olunması Avropa Oyunları haqqında məlumatlılığın, brendimizin dəyərinin və yaratdığımız təkanın artırılmasının innovativ yoludu”.