[b]“Bu xəbəri yayanların məqsədi Avropa Oyunlarının imicinə zərbə vurmaqdı”[/b]
11.03.2015 - 16:56
[b]“Bu xəbəri yayanların məqsədi Avropa Oyunlarının imicinə zərbə vurmaqdı”[/b]

Bu gün Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK) və Azərbaycan Televiziya və Radio Verilişləri QSC (AzTV) arasında müqavilə imzalanıb. Apasport.az saytının məlumatına görə, razılaşmaya əsasən, Avropa Oyunlarının Azərbaycan ərazisindəki yayım hüququ bu şirkətə verilib.

 

Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov yarışın əhəmiyyətinin yüksək olduğunu vurğulayıb. O, tamaşaçıların 17 gün ərzində möhtəşəm oyunları AzTV və “İdman Azərbaycan”dan canlı izləyə biləcəkləri üçün şad olduğunu deyib.  

 

Rəhimov Bakı Olimpiya Stadionunun çökməsi ilə bağlı yayılan şayiələrlə bağlı sualı da cavablandırıb. Nazir qeyd edib ki, stadionu təhvil almamışdan öncə komissiya yaradılıb, müvafiq yoxlanış aparılıb: “Bakı Olimpiya Stadionu inşasının sürəti və istifadəyə verilmə tezliyinə görə “Ginnesin rekordlar kitabı”na düşməlidi. Stadiondakı hansısa çökmə ilə bağlı şayiələr isə yalnız şayiədi. Əgər çökmə olsaydı, elektrik xətləri də çəkilməzdi. Bu xəbəri yayanların məqsədi Avropa Oyunlarının imicinə zərbə vurmaqdı”.

 

Rəhimov iyunun 12-28-i tarixində baş tutacaq yarış zamanı toy və yas mərasimlərinə qadağa qoyulmadığını da açıqlayıb. Onun sözlərinə görə, həmin tarixlərdə mərasimlərin qarşısı alınmayacaq.

 

Nazir Avropa Oyunları ilə bağlı inşa edilən obyektlərdə işlərin qaydasında getdiyini bildirib. O, Bakı Su İdman Mərkəzinin demək olar ki, hazır olduğunu söyləyib: “Amma biz hadisələri qabaqlamaq istəmirik. Həm də yayda burada su polosu üzrə Azərbaycan çempionatı keçiriləcək və bu, test xarakteri daşıyacaq”.

 

Rəhimov 1 gün öncə Ermənistan Milli Olimpiya Komitəsinin Avropa Oyunlarında iştirakı ilə bağlı açıqladığı qərara da münasibət bildirib. Nazirin sözlərinə görə, Ermənistan yığmasında hər idmançı özünün yarışa qatılıb-qatılmaması ilə bağlı seçim edəcək: “Biz də öz növbəmizdə nizamlanmış razılaşmaya əsasən, Avropa Oyunlarının bütün iştirakçılarını qəbul etməyə hazırıq. Təhlükəsizlik tədbirləri də hamı üçün eyni olacaq”.