Belarus Milli Olimpiya Komitəsinin müşaviri və Avropa Oyunlarındakı nümayəndə heyətinin mətbuat katibi Anastasiya Marininanın apasport.az saytına müsahibəsi
- Avropa Oyunlarının startına 3 gün qalıb. Artıq Bakıda olan komandanız yarışa nə dərəcədə hazırdı?
- Bəli, idmançılarımızın bir hissəsi Azərbaycandadı. Atletlər kəndinə birinci olaraq, sinxron üzgüçülük üzrə milli komandamız gəlib.
- Komandanız Bakı-2015-də 150 idmançı ilə çıxış etməyi planlaşdırır. Bu rəqəmin London Olimpiadasında iştirak edən idmançılarınızın sayından az olması nə ilə bağlıdı?
- Düzdü, Böyük Britaniyada 173 atletlə təmsil olunmuşduq. Rəqəmin belə dəyişməsi bütün Olimpiya növlərinin Avropa Oyunlarının proqramında yer almamağından irəli gəlir. Həmin vaxt tək atletikada 50-dən artıq Belarus idmançısı mübarizə aparırdı. Bakı-2015-də akademik avarçəkmə, futbol, klassik basketbol, ağır atletika, yelkənli qayıq və atçılıq idmanı üzrə yarışlar olmayacaq. Buna baxmayaraq, əminik ki, maraqlı Oyunlar baş tutacaq. Baxımlı mübarizə şəraitində keçəcək yarışlar dünya idmanına yeni adlar da bəxş edəcək.
- Son Olimpiadanı 12 medalla başa vurmuşduz. Avropa Oyunlarından gözləntiləriniz nədi?
- Olimpiadada bütün ölkələrdən ən güclülər iştirak etdiyindən, rəqabət daha böyük olur. Avropa Oyunlarında isə 50 ölkə təmsilçisi çıxış etdiyindən medal şansları daha da artır. Belarus bütün növlərdə Bakıya ən güclü heyətlə gəlib. Komandamıza Olimpiya Oyunları, dünya və Avropa çempionatının mükafatçıları daxildi. Bütün idmançılarımız qarşısına maksimal nəticə qazanmaq iddiasındadı. Əminəm ki, Azərbaycan bu tarixi idman forumunu ən yüksək səviyyədə keçirəcək. Axı, biz buna Bakıda təşkil olunan test yarışlarında da əmin olmuşuq. Artıq indidən demək olar ki, hər şey çox yaxşı təşkil olunub: ən müasir arenalar, əla Atletlər və Media kəndləri və bütün ölkə əsl bayram olacaq Avropa Oyunları ilə yaşayır.
- Hansı növlərə daha çox ümid bəsləyirsiz?
- Biz hər idmançımıza ümid edir və komandamıza inanırıq. Beynəlxalq yarışlardakı çıxışların ənənəsinə əsasən qeyd etmək olar ki, kanoe, güləş, sambo, cüdo, batut, bədii gimnastika, güllə atıcılığı və kamandan oxatmada şanslarımız daha çoxdu.
- Bakı-2015-in proqramına daxil olan 20 idman növündən 12-si Rio-2016-ya ya lisenziya, ya da lisenziya xalları verəcək. Bütün bunları nəzərə alsaq, Avropa Oyunları sizin üçün hansı əhəmiyyəti kəsb edir?
- Bakı-2015 qarşıdakı Olimpiadanın baş məşqi olacaq. Məşqçilər korpusu idmançıların durumunu dəyərləndirmək, hazırlıqla bağlı dəyişiklər etmək üçün unikal imkan qazanacaqlar. Atletlər isə Rioda da təmsil olunmaq üçün mübarizə aparacaqlar.
- 2012-ci ilin dekabrında Avropa Oyunlarının Bakıya verilməsini necə qarşılamışdız?
- Avropa Oyunlarının keçirilməsi 2011-ci ildə Minskdə Avropa olimpiya komitələrinin şurasında geniş müzakirə olunmuşdu. Məhz həmin vaxt Belarus Milli Olimpiya Komitəsinin prezidenti Aleksandr Lukaşenko bu layihənin ölkəmiz tərəfindən tam dəstəkləndiyini qeyd etmişdi. Belarus və Azərbaycanı uzunmüddətli isti münasibətlər bağlayır. İldən-ilə bu dostluq daha da möhkəmlənir. Ciddi əməkdaşlıq təkcə idman deyil, iqtisadiyyat və mədəniyyətdə də müşahidə edilir.
- Artıq Bakıdasız. Sizcə, I Avropa Oyunları tarixdə hansı izləri buraxacaq?
- Ən əsası odur ki, Bakıdakı I Avropa Oyunları hamının çoxdan gözlədiyi unikal idman bayramıdı. Atletlər üçün bu həm də ilk Oyunların qalibi olmaqla, tarixə düşmək üçün unikal şansdı.
- Azərbaycan idmanı haqda nə bilirsiz?
- Komandanız ənənəvi olaraq, müxtəlif döyüş növlərində güclü olub. Hazırda bədii gimnastika da fəal inkişaf edir. Bu da təəccüblü deyil. Bakıda unikal Gimnastika Arenası inşa olunub ki, burada da yarış və məşqlər üçün möhtəşəm şərait yaradılıb.
- Ümumi komanda hesabında mübarizədə hansı ölkəni favorit sayırsız?
- Bu yarışların unikallığı ondadı ki, ilk dəfə keçirilir və proqrama qeyri-olimpiya növləri də daxildi. Bu üzdən hansısa proqnoz vermək çətindi. Axı, bu unikal turnirdi. Amma həmişə olduğu kimi, yenə ən güclü qalib gələcək.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək