Sabah Bakı-2015 I Avropa Oyunları start götürəcək. Apasport.az saytının məlumatına görə, iyunun 12-dən etibarən Bakı 17 gün ərzində Avropanın idman paytaxtı olacaq.
Bununla, dünya idmanında yeni yarışların təməli qoyulacaq. O təməl ki, bunu neçə illərdi bütün Avropa gözləyirdi. Bu da səbəbsiz deyildi. Axı Pyer de Kubertenin hələ XIX əsrin sonlarında əsasını qoyduğu müasir Olimpiya hərəkatı ayrı-ayrı materiklərə, regionlara sirayət etsə də, “Köhnə qitə” öz oyunlarına malik deyildi.
Asiya, Afrika, Amerika, hətta Okeaniyanın analoji yarışları olmaqla yanaşı, müxtəlif regionları əhatə edən turnirlər də keçirilirdi. Hətta ilk belə yarışın keçirilməsindən 100 ildən artıq vaxt keçib. Bu müddətdə avropalılar dəfələrlə bu ideyanın tətbiqinə çalışsa da, cəhdlər uğursuz alınırdı.
Amma 2012-ci il dekabrın 8-də İtaliyanın paytaxtı Romada keçirilən Avropa Olimpiya Komitəsinin Baş Assambleyasında belə bir yarışın keçirilməsi barədə qərar qəbul olundu. Bunda qısa müddətdə yarışı təşkil etməyə razılıq verən Azərbaycanın da rolu danılmazdı. Ölkəmiz Avropa Oyunları ideyasının əsas tərəfdarlarından biri olmaqla kifayətlənməyib, 2,5 ildən az vaxtda təşkilatçılıq işlərinin öhdəsindən gəlməyi də bacardı. Nəticədə Avropa 17 gün böyük idman bayramına şahid olacaq.
Sabah saat 20:15-də yeni inşa olunan Olimpiya stadionunda ilk Avropa Oyunlarının açılış mərasimi keçiriləcək. Qitənin 50 ölkəsindən gələn təxminən 6 min idmançının qatıldığı yarışın məşəlinin yandırılması ilə təkcə Avropa deyil, dünyanın diqqətləri ilin ən möhtəşəm yarışlarına yönələcək.
Olimpiya, dünya və qitə çempionlarının da 17 gün davam edəcək yarışa qatılması Avropa Oyunlarına verilən dəyəri təcəssüm etdirir. Bundan başqa, Bakı-2015-də 12 idman növü üzrə Rio-de-Janeyro Olimpiadasına lisenziya və ya lisenziya xalları da veriləcək.
Olimpiya proqramına daxil edilməyən idman növləri üçün də Bakı-2015 əhəmiyyətli rol oynayır. Çünki populyarlaşmaqda olan bu növlər Avropa Oyunları sayəsində nüfuzunu daha da artırıb. Olimpiya proqramına daxil olmaq üçün önəmli addım ata bilər. Bu yarışlar həm də ölkəmizdə populyar olmayan bəzi növlərin inkişafında da təkan rolunu oynamalıdı.
17 gün ərzində sahibini tapacaq 253 dəst medalla yanaşı, qeyri-rəsmi komanda birinciliyi uğrunda da mübarizə gedəcək. Mötəbər yarışda 289 idmançı ilə qatılacaq Azərbaycan millisi üçün də Oyunlar böyük sınaq olacaq. İndiyədək heç bir yarışda belə geniş heyətlə iştirak etməyən yığmamız idmançı sayına görə yalnız Rusiya (359) və İtaliyadan (291) geri qalır. Buna baxmayaraq, millimiz “doğma divarlar” arasında medal sıralamasında liderlərlə mübarizə aparmağa çalışacaq.
Sabah keçiriləcək açılış mərasimində Avropa ölkələrinin olimpiya komitələrinin və idman qurumlarının başçıları ilə yanaşı, bir sıra dövlət rəhbərləri də qatılacaq. Təşkilatçılar bu tədbirdə azarkeşlərə unudulmaz şou təqdim edəcək. Mərasim çərçivəsində baş tutacaq iştirakçı komandaların paradında ölkəmizin bayrağını cüdoçu Elmar Qasımov daşıyacaq. Bunun döyüş növlərindəki təmsilçilərimizdən birinə həvalə edilməsi də təsadüfi deyil.
Çünki yığmamız ənənəvi olaraq, döyüş növlərində güclüdü. Yığmamız güləş, boks, taekvondo, sambo, cüdo və karatedə əsas favoritlər sırasındadı. İdmançılarımızın gimnastika, atıcılıq, avarçəkmə yarışlarında da medallara namizədlər sırasında olması heç kimə sirr deyil.
Komanda idman növlərindəki ən böyük ümidlər isə qadın voleybolçulardan ibarət milliyədi. Avropanın ən güclü komandalarının qatılacağı turnirdə millimiz “doğma divarlar”dan yararlanıb, tarixə düşməlidi.
Qeyd edək ki, Oyunlar təkcə Bakını əhatə etməyəcək. Qitənin ən güclü avarçəkənləri qüvvəsini Mingəçevirdə sınayacaq. Yarışların bir şəhər hüdudlarından kənar çıxması da dünya idmanına yad deyil. Çünki Olimpiadalar tarixində də dəfələrlə hansısa yarışın təşkilatçı şəhərdən kənarda keçirilməsinə təsadüf olunub.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək