I Avropa Oyunlarının iyunun 12-də keçiriləcək açılış mərasimində anşlaq olacaq. Bakı-2015-in Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, biletlərin hamısı satıldığından tədbir tamaşaçılarla dolu stadionda baş tutacaq.
Bakı-2015-in əməliyyatlar üzrə baş direktoru Saymon Kleqin sözlərinə görə, bu, inanılmaz nailiyyətdi: “İlk Avropa Oyunlarının rəsmi açılış mərasiminin Azərbaycanın idman tarixində ən möhtəşəm və unudulmaz gecə olacağı ilə hamımız qürur duymalıyıq. Son 50 ildə Avropa idman təqviminə daxil edilən çox əhəmiyyətli bir tədbiri tamaşaçılarla tam dolu stadionla qarşılayacağıq. 30 ay ərzində biz xəyalı reallığa çevirdik. Mən, təkcə açılış mərasiminə deyil, həmçinin idman yarışlarının da biletlərinin satılmasına görə 78 faizi yerli işçilərdən təşkil olunmuş BAOƏK heyətinə öz təşəkkürümü bildirirəm”.
Baş direktor artıq 106 idman yarışları üzrə biletlərin satıldığını da açıqlayıb: “Avropa Oyunları ərəfəsində Bakıda aşkar hiss edilən həyəcan indi də bilet satışlarına sirayət etməkdədi. BAOƏK ilk Avropa Oyunlarına tamaşa etmək istəyən minlərlə insanın hüquqlarının qorunması, biletlərin təkrar satışı və saxtakarlığı ilə bağlı qanunun tələblərinə riayət edilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları ilə birgə fəaliyyət göstərir”.
BAOƏK-in bilet satışı üzrə məsul şəxsi Miryam Boqataj qeyd edib ki, bu sahədə Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Milli Məclislə birgə fəaliyyət ortaya qoyulub: “Biz satılan biletlərin həqiqiliyini təmin etmək istəyirik. Bunu etməyin ən yaxşı yolu biletləri yalnız Bakı və Mingəçevir şəhərlərində yerləşən bilet satış məntəqələrindən əldə etməkdi”.
Azərbaycanın idman tarixinin ən böyük gecəsinə bilet əldə edə bilməyənlər isə Bakı-2015-in rəsmi veb-saytını izləyə bilər. Açılış mərasimi “baku2015.com” səhifəsində canlı yayımlanacaq və Bakı vaxtı ilə saat 12:00-dan başlayan canlı yayım saytda və sosial media platformasında yerləşdiriləcək. Mərasimin hər anı və səhnəarxası görüntüləri qeydə alınacaq.
Açılış mərasimi üçün işçi rejimdə Azərbaycanın paytaxtındakı canlı bloq, tvitlər və möhtəşəm binaların şəkilləri yer alacaq. Mərasim zamanı xüsusi səhnəarxası görüntülər nümayiş etdiriləcək və tədbirin başa çatmasından bir neçə dəqiqə sonra tamaşanın 10 dəqiqəlik icmalı sayta yerləşdiriləcək.
- Azərbaycanın paraüzgüçüləri Berlində Dünya Seriyasının mərhələsində yarışacaq
- Keti Perri "Formula 1" üzrə Azərbaycan Qran-prisində səhnə alacaq
- Heydər Əliyevin xatirəsinə həsr edilmiş badminton turniri keçiriləcək
- Yelkən idmanı üzrə "Prezident Kuboku 2026"nın ilk yarış günü başa çatıb
- Sərbəst Piramida bilyard üzrə ölkə çempionatı keçiriləcək