Sabah XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimi olacaq. Apasport.az saytının məlumatına görə, artıq dünən futbolçuların mübarizəsi ilə başlayan Rio Olimpiadası rəsmən avqustun 5-də start götürəcək.
Braziliyada keçiriləcək 4 illiyin ən möhtəşəm idman yarışı sayca 31-ci olsa da, 27-ci dəfə təşkil edilir. Belə ki, I və II dünya müharibələri zamanı 3 Yay Olimpiya Oyunları baş tutmayıb.
Cənubi Amerikada 17 gün ərzində ilk dəfə baş tutacaq yarışda 206 ölkədən təxminən 10 min 500 idmançı mübarizə aparacaq. 42 fərqli idman obyektində təşkil olunacaq Olimpiadada 28 növ üzrə 306 dəst medal öz sahibini tapacaq. Sabah yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 03:00) məşhur “Marakana” stadionunda keçiriləcək rəsmi açılış mərasimi ilə bu mübarizəyə start veriləcək.
Həmin gün ilk olaraq, velosiped idmanının şose növündə medalçıların adına aydınlıq gələcək. Sonuncu - 306-cı mükafatlar 97 kq çəki dərəcəsində mübarizə aparacaq sərbəst güləşçilər olacaq. Rioda 112 ildən sonra qolf, 92 ildən sonra reqbi-7 növləri üzrə də yarışlar keçiriləcək.
10 min KİV nümayəndəsinin akkreditasiyadan keçdiyi oyunlarda 7,5 milyon bilet satışa çıxarılıb. Bu günə kimi 90 faizə yaxını satılan biletlərin qiyməti 40-3000 dollar arasında dəyişir.
206 ölkə arasında Azərbaycan millisi də olacaq. Yığmamızı Rioda rekord sayda – 56 idmançı təmsil edəcək. 57 dəst medal uğrunda gücünü yoxlayacaq atletlərdən 36-sı ilk dəfə Oyunların həyəcanını yaşayacaq. Onlardan 42-si kişi, 14-ü qadındı.
Avqustun 2-dən Rioya yollanan yığmamız səfərə daha bir rekordla çıxıb. Braziliyada 18 idman növündə təmsil olunacağıq ki, bu da London Yay Olimpiya Oyunları ilə müqayisədə 4 idman növü çoxdu. Ölkəmiz triatlon, kamandan oxatma, velosiped (sprint və keyrin) və kanoe-slalom idman növlərində ilk dəfə təmsil olunacaq. Əvəzində, atçılıq idmanı və ağır atletika növlərində Rioya lisenziya qazanmamışıq.
6-cı dəfə müstəqil ölkə kimi qatılacağımız Yay Olimpiya Oyunlarında komandamızın debütünü kamandan oxatanımız Olqa Senyuk edəcək. O, açılış günü, Bakı vaxtı ilə saat 20:00-da mübarizəyə qoşulacaq. Lakin ilk medalımız avqustun 6-da tatamiyə çıxacaq cüdoçumuz Orxan Səfərovdan (60 kq) gələ bilər.
Ümumilikdə isə yığmamızın Rioda 11-dən çox medal qazanacağı proqnozlaşdırılır. Əgər bu reallaşarsa, növbəti rekordumuz vurulacaq. İdmançı sayında və idman növünün sayında əvvəlki yarışları geridə qoyan Azərbaycan üçün mükafat sayında ən yüksək rəqəm 10-du. Bu da London-2012-də qeydə alınıb.
Maraqlıdı ki, Böyük Britaniyada fəxri kürsüyə yüksələnlərdən 8-i – Toğrul Əsgərov, Şərif Şərifov (hər ikisi qızıl medal), Rövşən Bayramov, Mariya Stadnik (hər ikisi gümüş medal), Yuliya Ratkeviç, Teymur Məmmədov, Məhəmmədrəsul Məcidov və Xetaq Qazyumov (hamısı bürünc medal) Rioya yollanan komandamızın heyətində yer alıb. Yalnız güləşçimiz Emin Əhmədov və ağırlıqqaldıranımız Valentin Xristov (hər ikisi bürünc medal) komandadan kənar qalıb. Əslində, sonuncu Olimpiadaya lisenziya da qazanmışdı. Lakin orqanizmində istifadəsi qadağan olunan maddə aşkarlandığından Oyunları azarkeş kimi izləyəcək. Onunla yanaşı, bütün ağır atletlərimiz Rioya televiziya vasitəsilə baxacaqlar. Çünki ardıcıl 4 Olimpiadada təmsil olunduğumuz növdə dopinq qalmaqalı əleyhimizə işlədi və qazandığımız 4 vəsiqə əlimizdən alındı.
Rioda idman növləri üzrə rekordlarımızı da qeyd etmək yerinə düşər. Azərbaycan ilk dəfə kişi boksçuların yarışında və taekvondoçuların mübarizəsində tam heyətlə təmsil olunacaq.
Çıxış edəcəyimiz 18 idman növü arasında əsas medal ümidlərimiz boks, taekvondo, kanoe və kayak, güləş, idman gimnastikası və cüdo ilə bağlıdı. Digər növlərdə də mükafat qazanmağımız istisna deyil. Hər halda, boks, güləş və cüdoda əvvəlki nailiyyəti təkrarlayarıqsa, əlavə növlərdə əldə olunacaq uğur tariximizə ilk kimi düşəcək. Çünki ənənəvi növlərlə yanaşı, digərlərində də artıq dünya və Avropa çempionlarımız var. Bu isə onlara 4 illiyin ən möhtəşəm yarışında da ən güclü adını qazanmaq şansı verir. Lakin güllə atıcılığı, atletika, üzgüçülük və velosiped idmanında isə mükafat qazanacağımız inandırıcı deyil.
Hər halda, 57 dəst medal uğrunda mübarizə aparacağımızı nəzərə alsaq, Avropa Oyunlarında 56 (21-15-20) medal qazanan yığmamızın Rioda da yeni tarix yazacağı gözləniləndi.
Komandamız Vətənə isə Oyunların başa çatacağı günün ertəsi – avqustun 22-də qayıdacaq.
|
İdman növü |
İdmançı sayı |
Lisenziya sayı |
|
Atıcılıq (güllə atıcılığı) |
Ruslan Lunyov (10 m və 25 m) |
2 |
|
Atletika |
Nazim Babayev (üçtəkanla tullanma) Hayle İbrahimov (5000 m) Anna Skidan (çəkicatma) Evans Kiplaqat (marafon)
|
4 |
|
Akademik avarçəkmə |
Aleksandr Aleksandrov - Boris Yotov (200 m) |
1 |
|
Boks |
Rüfət Hüseynov (49 kq) Elvin Məmişzadə (52 kq) Cavid Çələbiyev (56 kq) Albert Səlimov (60 kq) Lorenzo Sotomoyor (64 kq) Pərviz Bağırov (69 kq) Kamran Şahsuvarlı (75 kq) Teymur Məmmədov (81 kq) Abdulqadir Abdulayev (91 kq) Məhəmmədrəsul Məcidov (+91 kq) Yana Alekseyevna (60 kq) |
11 |
|
Bədii gimnastika (fərdi çoxnövçülük) |
Marina Durunda |
1 |
|
Cüdo |
Orxan Səfərov (60 kq) Nicat Şıxəlizadə (66 kq) Rüstəm Orucov (73 kq) Məmmədəli Mehdiyev (90 kq) Elmar Qasımov (100 kq) Uşanqi Kokauri (+100 kq) |
6 |
|
Güləş |
Sərbəst güləş Kişilər Hacı Əliyev (57 kq) Toğrul Əsgərov (65 kq) Cəbrayıl Həsənov (74 kq) Şərif Şərifov (86 kq) Xetaq Qazyumov (97 kq) Camaləddin Məhəmmədov (125 kq)
Qadınlar Mariya Stadnik (48 kq) Natalya Sinişin (53 kq) Yuliya Ratkeviç (58 kq)
Yunan-Roma güləşi Rövşən Bayramov (59 kq) Rəsul Çunayev (66 kq) Elvin Mürsəliyev (75 kq) Saman Təhmasibi (85 kq) Sabah Şəriəti (130 kq) |
14 |
|
İdman gimnastika (fərdi çoxnövçülük) |
Oleq Stepko Petro Paxnyuk |
2 |
|
Kaneo və kayak |
İnna Osipenko-Radomskaya (kayak, 500 m və 200 m) Valentin Demyanenko (kanoe, 200 m) Yuri Meqliç (kanoe-slalom) |
4 |
|
Kamandan oxatma |
Olqa Senyuk |
1 |
|
Qılıncoynatma |
Səbinə Mikina (sablya) |
1 |
|
Taekvondo |
Patimat Abakarova (49 kq) Fəridə Əzizova (67 kq) Milad Beigi Harçeqani (80 kq) Radik İsayev (+80 kq)
|
4 |
|
Triatlon |
Rostislav Pevtsov |
1 |
|
Üzgüçülük |
Fatimə Əlkərəmova (sərbəst, 100 m) Boris Kirillov (arxası üstə, 200 m ) |
2 |
|
Velosiped idmanı |
Olqa İsmayılova Maksim Averin (hər ikisi şosse) Yelena Pavluxina (sprint və keyrin) |
3 |
|
Cəmi |
56 |
57 |
- “Bakı-Xankəndi” Azərbaycan velosiped yarışının təşkilinə həsr olunmuş iclas keçirilib
- “Azərlotereya” çempion axtarır!
- Azərbaycan millisi Zaqatalada toplanışa start verdi
- "Qarabağ Mechack 9030" komandasından uğurlu nəticələr
- Azərbaycan Kamandan Oxatma Federasiyasında idmançılara yeni idman dərəcələri təqdim edilib