[b]Dünya çempionumuz azarkeşlərə səsləndi: Gəlin, qızıl medalları birgə qazanaq[/b]
09.06.2015 - 11:27
[b]Dünya çempionumuz azarkeşlərə səsləndi: Gəlin, qızıl medalları birgə qazanaq[/b]

Boks üzrə Azərbaycan millisinin üzvləri Avropa Oyunlarında qələbə sevincini birgə yaşamaq üçün azarkeşləri arenalara səsləyiblər. Apasport.az saytının məlumatına görə, ölkəmizi qitədə ilk dəfə keçiriləcək yarışda təmsil edəcək boksçular tərəfdarlarla birgə daha güclü olduqlarını açıqlayıblar.

 

İkiqat dünya və Avropa çempionumuz Məhəmmədrəsul Məcidov bildirib ki, Bakı-2015 ölkəmiz ucun tarixi bir yarışdı: “Bunun bir hissəsi olmaq qürurvericidi. Hazırda Avropa Oyunları bütün dünyanın diqqət mərkəzindədi. Bu yarışda yalnız qızıl medala iddia edirəm. Doğma divarlar arasında azarkeşlərimizin dəstəyi bizə çox kömək olacaq. Mən artıq bir dəfə 2011-ci ildə Bakıda dünya çempionatında qızıl medal qazanmışam. Həmin vaxt azarkeş dəstəyinin nə olduğunu dərk etdim. Gəlin, boks yarışlarına baxın və qızıl medalları birgə qazanaq”.

 

Avropa çempionatının finalçısı Elvin Məmişzadə də qazanacaqları uğuru azarkeşlərlə birgə bölmək arzusundadı: “Bu yarışda uğurla çıxış etməyə borcluyuq. Bütün ölkə bizdən yüksək nailiyyətlər gözləyir. Yaxşı təlim-məşq toplanışı keçmişik. Artıq hazırlığın son mərhələsindəyik. İnanıram ki, çəkdiyimiz əziyyətin bəhrəsini görəcəyik. Hamını boks yarışlarına dəvət edirəm”.

 

Yığmamızın aparıcı boksçusu, Olimpiya Oyunlarının, Avropa və dünya çempionatının mükafatçısı Teymur Məmmədov Meksikada 20 günə yaxın təlim-məşq toplanışı keçdik. İndi hazırlığın son mərhələsini Bakıda tamamlayırıq. İrlandiya və Bolqarıstan boksçuları ilə birgə təlim-məşq toplanışı keçirik. Komandada əhval-ruhiyyə yüksəkdir. Bizə hər bir şərait yaradılıb. Bu yarışın necə məsuliyyətli olduğunu bilirik. Əlimdən gələni edəcəm ki, qızıl medal qazanam. Bunun üçün azarkeş dəstəyi də böyük rol oynayacaq. Hamini “Baku Kristal Hall”da gözləyirəm. Gəlin, qələbələri birgə yaşayaq”.