“Bildiyiniz kimi, karate olimpiya idman növü deyil. Amma bizim nailiyyətlərimiz onu göstərir ki, karate Olimpiadanın proqramına daxil edilsə, orda da medallar qazana bilərik”. Bu sözləri apasport.az saytına açıqlamasında I Avropa Oyunlarının qızıl medalçısı Firdovsi Fərzəliyev deyib.
60 kq çəkidə rəqiblərinə şans verməyən karateçi çempion olacağına əvvəldən inandığını bildirib: “Çempion olmaq idmançı üçün əvəzolunmaz hissdi. Hamı istər ki, birinci olsun, rəqiblərini qabaqlasın. O hissi sözlə başa salmaq olmur. Gərək hər kəs həmin hissi özü yaşasın ki, nə olduğunu tam dərk etsin. Birinci olacağıma inanırdım. Çünki çox əziyyət çəkmişdim. Turnirlərdə iştirak etmişdim, bəzilərini qələbə, bəzilərini isə məğlubiyyətlə başa vurmuşdum. Avropa çempionatında italyan rəqibimə uduzmuşdum. Həmin idmançı ilə Avropa Oyunlarında iki dəfə qarşılaşdım və hər ikisində də qalib gəldim. Buna görə baş məşqçimizə və onun köməkçilərinə minnətdarlığımı bildirirəm. Hər birinin üzərimizdə haqqı var”.
Fərzəliyev digər idmançılarımızdan da medal gözlədiyini qeyd edib: “Əminəm ki, idmançılarımızın Avropa Oyunlarındakı inamlı çıxışı davam edəcək. Yarış vətəndə keçirildiyinə görə hər bir idmançımızda böyük məsuliyyət var. Hamı bunu dərk edir. Əvvəl bir, indi 5 dəfə artıq hazırlaşırlar. Ümid edirəm ki, qarşıdakı günlərdə də idmançılarımız gözəl nailiyyətlər verəcəklər, qızıl medal, mükafatlar qazanacaqlar”.