[b]Həmyerlimiz erməni boksçunu döydü [/b]
04.11.2014 - 10:15
[b]Həmyerlimiz erməni boksçunu döydü [/b]

Rusiyanın Anapa şəhərində boks üzrə yeniyetmələr arasında keçirilən Avropa birinciliyi davam edir. Apasport.az saytının məlumatına görə, yarışın üçüncü günü Azərbaycan idmançıları üçün uğurlu olub.

 

Rinqə çıxan 5 boksçumuzun hamısı qalib gəlib. 70 kq çəki dərəcəsində çıxış edən Rasim Çobanlı çexiyalı Daniel Svestkanı mübarizədən kənarlaşdırıb – 3:0. Boksçumuz 1/4 finalda Belarus nümayəndəsi Mikita Krasnabayevlə qarşılaşacaq.

 

Ruslan Rüstəmovun (46 kq) qələbəsi isə daha əlamətdar olub. Milli komandamızın üzvü erməni boksçusu Jirayr Sargeyan üzərində inamlı qələbə qazanıb – 3:0. Həmyerlimiz 1/4 finalda rusiyalı Pavel Ryasniylə üz-üzə gələcək.

 

75 kq çəki dərəcəsində mübarizə aparan Hacı Dilbazov da Avropa birinciliyinə qələbə ilə başlayıb. Dilbazov İsrail təmsilçisi Vyaçeslav Şemetovu məğlub edib – 3:0. Boksçumuz 1/4 finalda ukraynalı İvan Çubreviçevlə görüşəcək.

 

Malik Həsənov isə (48 kq) Ukrayna təmsilçisini yarışdan kənarlaşdırıb. Həsənov Sergey Korol üzərində qələbə qazanıb – 3:0.

 

Məhəmməd Abdullayev (+80 kq) Avropa birinciliyində ikinci görüşünü nokautla başa vurub. Boksçumuz litvalı Marek Korolkovu 2-ci raundda təslim olmağa məcbur edib. Yarımfinala vəsiqə əldə edən Abdullayev Ukrayna idmançısı Vyaçeslav Qavrilyukla qarşılaşacaq.

 

Avropa birinciliyinə noyabrın 8-də yekun vurulacaq.