“Mən öncədən demişdim ki, bu yarışda qızıl medal qazansam, fəxri kürsüdə himnimizi oxuyacam. Bu da oldu, Azərbaycan himini oxudum və bununla fəxr hissi duyuram”. Bunu apasport.az saytına Bakı-2015 I Avropa Oyunlarında Azərbaycan millisinin aktivinə növbəti qızıl medal yazdıran İrina Zaretska deyib.
Qadın karateçilər arasında 68 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə qalxan 19 yaşlı idmançı hisslərini bu fikirlərlə bölüşüb: “Ən güclü rəqibim finalda avstriyalı idmançı oldu. O, bu il Avropa çempionu olmuşdu. Bundan əvvəlki oyunlarda həmin idmançıya 0:4 hesabı ilə uduzmuşdum. Biləndə ki, mənim rəqibim finalda həmin adam olacaq, ciddi hazırlaşdım ki, onu məğlub edim. Həmişəki səhvlərimi təkrar etməməyə çalışdım ki, ikinci olmayım. Məşqçimin dediyi kimi, oyun oynayırsansa, özünü göstərməyi bacarmalısan. Finalda isə itirilən bütün xallarımı qaytardım”.
Qeyd edək ki, bununla karate millimiz Bakı-2015-i 4 qızıl medalla tamamlayıb.