[b]Qasımovların bayraq sevinci: Böyük qürur hissi keçiririk[/b]
11.06.2015 - 13:29
[b]Qasımovların bayraq sevinci: Böyük qürur hissi keçiririk[/b]

“Çox xoşbəxtəm ki, Azərbaycandan bayraqdar kimi mən seçilmişəm. Yəqin ki, son illərdə göstərdiyim nəticələrə görə ölkənin bayrağını mənə həvalə ediblər”. Apasport.az saytının məlumatına görə, bu sözləri Azərbaycan millisinin Avropa Oyunlarındakı bayraqdarı Elmar Qasımov deyib.

 

Təcrübəli cüdoçu jurnalistlərə açıqlamasında bu məsuliyyətli vəzifənin ona həvalə olunmasına münasibət bildirib: “Bu müddətdə yaxşı nəticələr göstərib, titullar qazanmışam. Yarışa yaxşı hazırlaşmışıq. Çalışacağam ki, Bakıda da yüksək nəticə göstərim. Ermənistanda çempion olub, ölkəmizin himnini səsləndirmişdim. O vaxt fərəh hissi duymuşdum. Ümid edirəm ki, Bakıda da bayrağımızı yüksəldib, himnimizi səsləndirəcəyəm”.

 

Elmarın anası Şərqiyyə Qasımova da bundan fərəh hissi duyduğunu deyib. O bildirib ki, bu məsuliyyətli vəzifəni oğluna etibar edilməsinə görə çox sevinir: “Oğlumun bayraqdar olmasından böyük qürur hissi keçiririk. İnşallah, Elmar Avropa Oyunlarında da qalib gəlməklə, bir daha Azərbaycan bayrağını yüksəklərə qaldırar”.

 

Cüdoçunun atası İlqar Qasımov da sevincinin həddi-hüdudu olmadığını vurğulayıb. Onun sözlərinə görə, ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi böyük hadisədi: “Tək Avropanın deyil, bütün dünyanın gözü ölkəmizdə olacaq. Biz də belə məsul yarışda övladımızın bayraqdar olması ilə fəxr edirik. Elmar da bu etimadı qazanacağı uğurlarla doğruldar”. 

 

Bayraqdarımızın qardaşı Eldar Qasımov da təəssüratlarını bölüşüb. Özü də cüdoçu olan Qasımov qardaşının uğur qazanacağına inandığını bildirib: “Bütün Avropa ölkələri bu yarışda iştirak edəcəklər. Dünyanın ən mötəbər turnirlərindən biri Bakıda keçiriləcək. 300-ə yaxın idmançı arasından qardaşımın bayraqdar seçilməsi məni çox sevindirir. Mən özüm də cüdoçuyam. Bir ara idmandan getmişdim. Amma qardaşımın bu nailiyyətləri və çıxış etdiyim 81 kq çəkidə boşluğun olması məni yenidən cüdoya dönməyə vadar etdi. İnşallah, Elmar Avropa Oyunlarında qızıl medal qazanaraq, bayrağımızı bir daha dalğalandırar”.