[b]Avropanın 5 ən yaxşı idmançısı Bakıda mükafatlandırılacaq[/b]
18.11.2014 - 16:34
[b]Avropanın 5 ən yaxşı idmançısı Bakıda mükafatlandırılacaq[/b]

Noyabrın 21-22-də Bakıda keçiriləcək Avropa Olimpiya Komitəsinin (AOK) 43-cü Baş Assambleyasının gündəliyi açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) prezidenti Tomas Baxın da iştirak edəcəyi tədbirdən öncə - noyabrın 20-də AOK-un İcraiyyə Komitəsinin iclası keçiriləcək.
 

Ardınca Baş Assambleya öz işinə başlayacaq. Tədbirdə AOK-un prezidenti Patrik Hikki, baş katib Rafaele Pagnozzini, BOK-un baş katibi Gunilla Lindberg, Olimpiya Həmrəyliyi İdarəsinin direktoru Pere Miro, AOK-un “Olimpiya oyunları”, “Marketinq və rabitə”, “AGOF”, “Avropa Birliyi”, “İdman hamı ücün”, “Olimpiya mədəniyyəti və irsi”, “Tibb və anti-dopinq”, ”İdmanda gender bərabərliyi” və ”Atletika” komissiyalarının sədrləri hesabat məruzələri edəcəklər.

 

Ümumi Asssambleyada AOK Avropa Oyunları üzrə Əlaqələndirmə Komissiyasının sədri Spiros Kapralosun Bakı-2015-lə bağlı məlumatı və Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) hesabatı dinləniləcək. XXXI Yay Olimpiya Oyunlarına (Rio-de-Janeyro-2016), XXIII Qış Olimpiya Oyunlarına (Pxenyan-2018) və Avropa Yeniyetmələrinin Olimpiya Festivalına (Tiflis-2015) hazırlıq işlərinin gedişi ilə bağlı hesabatlar da tədbirin gündəliyinə daxildir. Asssambleyada Avropanın 5 ən yaxşı gənc atletinə 4-cü “Pyotr Norivski” adına mükafatlar da təqdim olunacaq.

Avropa Olimpiya Komitəsinin (AOK) 43-cü Ümumi Assambleyası başa çatdıqdan sonra noyabrın 22-də saat 13:00-da KİV nümayəndələri üçün mətbuat konfransı keçiriləcək.