Azad Rəhimov: Bakının inkişafını bütün dünyaya göstərmək istəyirik
19.02.2015 - 18:14
Azad Rəhimov: Bakının inkişafını bütün dünyaya göstərmək istəyirik

Bakı-2015 Avropa Oyunları bu gün Azərbaycana akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri üçün ikinci brifinqə ev sahibliyi edib. Yarışın Təşkilat Komitəsindən apasport.az saytına verilən məlumata görə, Bakı-2015-in rəhbər şəxsləri I Avropa Oyunlarının başlamasında az müddətin qaldığı bir zamanda əldə edilən irəliləyişlər və Oyunların Azərbaycan xalqına qoyacağı miras haqqında beynəlxalq nümayəndələr qarşısında təqdimatlar keçirib.

 

Əməliyyat Komitəsinin baş icraçı-direktoru və Azərbaycan gənclər və idman naziri Azad Rəhimov bildirib ki, bu ikinci diplomatik brifinq Bakı-2015-in heyətinə Avropa Oyunlarına gedən yolda əldə edilən nailiyyətlər haqqında ictimaiyyəti məlumatlandırmaq imkanı verib: “Oyunlara ev sahibliyi etməklə biz Bakının işgüzar və mədəniyyət mübadilələri üçün açıq, müasir və dinamik bir şəhər olduğunu, həmçinin gündən-günə daha da inkişaf etdiyini bütün dünyaya göstərmək istəyirik”.

 

Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin baş ofisində keçirilən tədbirdə Azərbaycanda olan 68 diplomatik missiyadan 80-dən çox, o cümlədən bir sıra qeyri-rezident nümayəndə iştirak edib.

 

Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokol İdarəsinin əməkdaşı Ruslan Abdullayev qrup qarşısında çıxış edib, Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq Avropa Oyunlarına gedən yolda əldə edilən irəliləyişlər haqqında ümumi məlumat verib: “Missiya rəhbərlərini davam edən hazırlıq işləri və ilk Avropa Oyunlarından gözləntilərlə bağlı məlumatlandırmaq olduqca xoşdu. Bizim üçün diplomatik ictimaiyyət əsas maraqlı tərəf qrupudu və bu səbəbdən də bu cür önəmli bir tədbir ərəfəsində Bakının həmişə olduğundan daha çox izləyici qəbul edəcəyini nəzərə alaraq, onlarla sıx əməkdaşlıq etməyə ümid edirik. Oyunlarda mümkün olduğu qədər daha çox sayda izləyicinin iştirak edə bilməsi üçün biz missiyalarla açıq dialoqu davam etdirəcəyik”.