[b]İlham Əliyev: Avropa Oyunlarına dünyada çox böyük maraq var[/b]
12.04.2015 - 00:30
[b]İlham Əliyev: Avropa Oyunlarına dünyada çox böyük maraq var[/b]

“Bakı-2015 birinci Avropa Oyunlarına dünyada çox böyük maraq var və artıq 60-dək telekanal oyunları yayımlamaq üçün müqavilə bağlayıb”. Apasport.az saytı “Azərtac”a istinadən xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin I rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

 

Təşkilat Komitəsinin çox fəal və səmərəli çalışdığını qeyd edən dövlət başçısı görülən işlərdən danışıb: “İdman obyektlərimiz demək olar ki, hazırdı. Keçən ay biz Bakı Olimpiya Stadionunun və Bakı Atıcılıq Mərkəzinin açılışını qeyd etdik. Su İdmanı Sarayında son tamamlama işləri gedir. Heydər Əliyev adına İdman-Konsert Kompleksində təmir işləri başa çatır. Bulvarda yerləşən İdman Sarayında da işlər yekunlaşır”.

 

Prezident İlham Əliyev Avropa Oyunları Parkı yaradıldığını xüsusi vurğulayıb: “Bu, əslində müvəqqəti idman qurğuları kimi nəzərdə tutulurdu. Ancaq nəzərə alsaq ki, 2017-ci ildə İslam Həmrəyliyi Oyunları Bakıda keçiriləcək, hesab edirəm, yarışlardan sonra Avropa Oyunları Parkı qalmalıdır. Ola bilər İslam Həmrəyliyi Oyunlarından sonra da qalsın. Çünki indi Bakıda yeni gözəl bir istirahət zonası yaradılır”.

 

Tofiq Bəhramov adına stadionda aparılan təmir işlərinə toxunan dövlət başçısı idmançılar üçün lazımi şəraitin yaradıldığını qeyd edib: “Crystall Hall”da bir neçə idman növü üzrə yarışlar keçiriləcək. Orada da işlər hazırdı. Mingəçevirdəki “Kür” avarçəkmə bazasında müvəqqəti qurğular, tribunalar yaradılır. Atletlər Kəndi demək olar ki, hazırdır, Media Kəndi yaradılıb. Media Kəndi - deyə bilərəm ki, ümumiyyətlə, ilk dəfə belə bir yer olacaq. Çünki Yay və Qış Olimpiya Oyunlarında heç vaxt Media Kəndi düzəldilməyib”.