[b]Saymon Kleq: Dünən bağlanış mərasiminə 8 min bilet satılıb[/b]
14.06.2015 - 10:10
[b]Saymon Kleq: Dünən bağlanış mərasiminə 8 min bilet satılıb[/b]

“Dünən çox gərgin gün oldu. 17 müxtəlif məkanda yarışlar keçirildi”. Apasport.az saytının məlumatına görə, bunu Bakı-2015 Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.

 

O, bu gün keçirilən mətbuat konfransında yarışın ilk günündə tamaşaçı sayı və ən çox izlənilən idman növünü açıqlayıb: “Artıq ilk medallar təqdim olundu. Şadıq ki, Azərbaycan millisi yüksək nəticələr göstərir. Bu, oyunların uğurlu keçməsinə zəmin yaradır. Dünənki hava şəraiti qadınların triatlon yarışında istiqamətin dəyişməsinə səbəb oldu. 19 müxtəlif yarışa 17 mindən çox tamaşaçı qatılıb. Xüsusən də, dağ velosipedi, badminton və stolüstü tennis böyük sayda tamaşaçı cəlb etmişdi. Voleybola da xeyli  tərəfdarlar gəlmişdi. Hətta nəqliyyat onları daşımağa imkan tapmamışdı. Bu üzdən də xüsusi avtobuslar ayrılmışdı. Bakı Olimpiya stadionu açılışdan sona idmançılar üçün yararlı vəziyyətə gətirilir”.

 

Kleqin sözlərinə görə, Bakıda yarışlara çox böyük maraq var: “Təkcə dünən bağlanış mərasiminə  8 min bilet satılıb. Bağlanış üçün biletlərin 24 saat ərzində tükənməsini gözləyirəm. Bu gün əlavə 494 şəxs Bakıya gələcək. Nəqliyyat sistemi yüksək səviyyədə işləyir. Bu gün 10 idman növündə yarışlar keçiriləcək. Sabah isə Azərbaycanın Milli Qurtuluş Günüdü. Yəqin ki, bu səbəbdən biletlərə böyük tələbat olacaq. Biletlər yaxşı satılır. Açılış mərasiminin biletləri tam satılmışdı. Təbii ki, bəzi idman növləri Azərbaycanda az populyardı. Məsələn, güləş üçün bilet tapmaq mümkün olmur. Bəzən də biletləri elə qiymətə satmalıyıq ki, əlçatan olsun. Biletlərin qiymətləri 1-3 manat arasındadı”.

 

Baş direktor finallara biletlərin fərqli qiymətə olacağını bir da diqqətə çatdırıb: “Finalların biletləri 3-5 manatdı. Bizim biletlərdən yüksək gəlir əldə etmək məqsədimiz yoxdu. Hazırkı durumdan razıyıq. İstənilən böyük idman tədbirində ilk günlər sistem yavaş-yavaş işə düşür. Bütün nəqliyyat məsələləri nəzərdən keçirilib. Əlavə maneələr də quraşdırıldı ki, sürət həddi aşılmasın. Bütün sürücülərə məsləhətlər verilib ki, konkret təlimatlara riayət etsinlər”.