İyunun 12-də start götürəcək dünya çempionatının final mərhələsinin başlamasına 36 gün qalıb. Apasport.az saytı Braziliyada baş tutacaq yubiley – XX mundialın iştirakçılarının təqdimatını Avstraliya millisi ilə davam etdirir. B qrupunda yer alan “yaşıl qitə” təmsilçisi İspaniya, Hollandiya və Çili ilə mübarizə aparacaq.
Əvvəllər də mundialın final mərhələsində çıxış etmiş Avstraliya millisinin ciddi uğuru yoxdur. “Kenqurular”ın ən yaxşı nəticəsi isə 2006-cı ilə təsadüf edib. Onlar 8 il əvvəl qrup mərhələsini keçməyi bacarsa da, 1/8 finalda dayanıb. 2010-cu ildə isə avstraliyalılar 4 xal toplamaqla qrup 3-cüsü olmuşdu.
Baş məşqçi Anqe Postekoğlunun yetirmələri çıxış etdiyi Asiya zonasında seçmə mərhələni qrup ikincisi kimi başa vurub. Yalnız Yaponiyadan geri qalan “kenqurular” liderlə hər iki matçda eyni – 1:1 hesablı heç-heçə edib.
“Sokkeruz” kimi də tanınan avstraliyalıların heyəti əvvəlki kimi güclü deyil. Artıq İngiltərə Premyer Liqasında çıxış edən futbolçuların da dövrü arxada qalıb. Harri Kyuell, Mark Viduka, Mark Şvartser yığma karyeralarını başa vurublar. Millini də artıq komandanı uğurlara daşımış Quus Hiddink çalışdırmır.
Avropa klublarında çıxış edən güclü oyunçusunun olmaması “yaşıl qitə” təmsilçisinin əsas problemlərindəndir. Yığmanın liderləri MLS və Yaponiya çempionatına oynayan futbolçulardır. Bundan başqa, millinin aparıcı üzvləri karyeralarının qürub çağını yaşayır. Robbi Kruze istisna olmaqla isə heç bir gənc üzə çıxmayıb.
Komandanın əsas ulduzlarından biri də “Bayer”in şərəfini qoruyan Kruzedir. Tim Kehill ABŞ, Coşua Kennedi və kapitan Lukas Nil Yaponiyada çıxış edir.
“Çelsi”də forma geyən veteran Şvartserin gedişindən sonra millinin qapısı Metyu Rayana həvalə olunub. Onu Dortmund “Borussiya”sında heyətə düşməkdə çətinlik çəkən Lanqerak əvəzləyə bilər. Müdafiədə yer alan təcrübəli simalar – Nil və Lyuk Uilkşirin mövqeləri toxunulmaz təsiri bağışlayır. Bu cütlüklə yanaşı, Vilyamsla Davidson da arxa xətdə çıxış edir. Lakin Saşa Oqnenovski və Karni onları yerindən etmək iqtidarında olan müdafiəçilərdir. Yarımmüdafiəçilərdən də ikisinin dəyişməz olmasını söyləmək mümkündür. Bunlar Kehill və Breşianodur. Dayaq yarımmüdafiəçisi Edinakın yerinə isə iki namizəd - Holland və Milliqan var. Hücum xəttində isə Postekoğlunun ümidləri Kenedi ilə Kruzeyədir. Bu iki futbolçuya dəstək verən hücumameylli 3-cü oyunçunun yerinə isə kifayət qədər namizəd var. Vidoşiç, Rukavina və Leki də əsas heyətə düşmək iddiasındadır.
Qeyd edək ki, Avstraliya yığması iyunun 13-də Çili, 18-də Hollandiya, 23-də İspaniya ilə qarşılaşacaq.
- Sahib Ələkbərov: “Turnirə maraq olduqca böyükdür"
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələ yekunlaşıb - FOTO
- “Bakı-Xankəndi” veloyarışı: Dördüncü mərhələyə start verilib
- Sahib Ələkbərov: “Bakı-Xankəndi” yarışında hər şey yüksək səviyyədə təşkil olunub”
- “Bakı-Xankəndi” veloyarışı: Üçüncü mərhələ başa çatdı