"Qarabağ"ı çox ağır oyun gözləyir. Amma unutmamalıyıq ki, "köhlən atlar" doğma meydanda həddindən artıq yaxşı çıxış edir. Təmsilçimizin bu gün əzmkar mübarizə aparıb qalib gələcəyinə inanıram. "Pley-off" mərhələsində ilk dəfə iştirakları komandaya əlavə motivasiya, güc verəcək".
Bu sözləri Apasport.az saytına açıqlamasında "Turan Tovuz"un məşqçisi Yunis Hüseynov deyib. Mütəxəssis UEFA Çempionlar Liqasının pley-off mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" - "Nyukasl" oyununu dəyərləndirib.
Təcrübəli çalışdırıcı Liqa mərhələsində "Liverpul"a qarşı baş tutmuş oyuna da toxunub:
"Komanda bu mövsüm artıq üçüncü dəfədir ki, İngiltərə klubu ilə üz-üzə gəlir. "Liverpul" ilə qarşılaşmadakı kimi böyük hesabın qeydə alınacağını düşünmürəm. "Nyukasl"ın Bakıda növbəti tura keçidi təmin edəcəyi, böyükhesablı qələbə qazanacağı real görünmür. Qurban Qurbanovun yetirmələri rəqibin boşluqlarından tam istifadə etsələr, bu oyunda münasib nəticənin qeydə alınacağına əminəm".
Xatırladaq ki, matçın start fiti bu gün Bakı vaxtı ilə saat 21:45-də səsləndiriləcək. Tərəflər arasında cavab oyunu 1 həftə sonra İngiltərədə keçiriləcək.
Murad Abdullazadə