"Sabah" heyətini yeni oyunçu ilə gücləndirib - VİDEO
05.08.2025 - 10:53
"Sabah" heyətini yeni oyunçu ilə gücləndirib - VİDEO

"Sabah" mövsümlərarası fasilədə növbəti transferini reallaşdırıb.

Apasport.az xəbər verir ki, Azərbaycan çempionu Fransa millisinin 27 yaşlı basketbolçusu Jan-Mark Pansa ilə 2 illik müqavilə imzalanıb.

207 sm boya malik yeni transfer ağır forvard mövqeyində çıxış edir.

Pansa son olaraq Fransanın Betclic ELITE ProA liqasının iştirakçısı "JL Bourg en Bresse" komandasında oynayıb. Orada keçirdiyi 34 oyunda orta hesabla 7.3 xal və 3.9 ribaund toplayaraq komandasına yarımfinala yüksəlməyə kömək edib. Pansa, həmçinin Eurocup turnirində 18 oyunda çıxış edərək, 8.1 xal, 3.7 ribaund və 1.1 blok ortalaması ilə oynayıb. 2023/2024 mövsümündə Fransanın digər komandası "Boulazac Basket" (ProB) üçün çıxış edib.

Pansa 2024-cü ildən Fransa milli komandasına çağırılır. O, daha əvvəl Fransada "Olympique Antibes", "Pole France", "JSF Nanterre" və "Nanterre" komandalarında da çıxış edib. Karyerası ərzində bir sıra mükafatlara layiq görülən Jan-Mark 2024-cü ildə Fransanın ProB liqasında final seriyasında çıxış edib. Həmin il Eurobasket.com tərəfindən Fransanın ProB liqasında "ilin ən yaxşı yerli oyunçusu" seçilib.

Qeyd edək ki, “Sabah” 2025/2026 mövsümündə Çempionlar Liqasında oynayacaq.