FIFA üçün yeni böhran: İran ABŞ-a getməyə bilər
02.03.2026 - 13:18
FIFA üçün yeni böhran: İran ABŞ-a getməyə bilər

İran ilə ABŞ arasında artan gərginlik 2026 Dünya Kuboku öncəsi böyük böhrana səbəb olub.

Apasport.az xəbər verir ki, İran Futbol Federasiyası rəsmi olmasa da, turnirdə iştirakın artıq “çətin” olduğunu açıqlayıb.

FIFA 2026 Dünya Kuboku öncəsi ciddi qeyri-müəyyənliklə üzləşib. Turnirə qatılmağı təmin edən İranın, yaşanan siyasi gərginlik səbəbindən ABŞ-da keçiriləcək oyunlara getməsinin çətin olduğu bildirilib.

Tehranda İran dövlət televiziyasına danışan İran Futbol Federasiyasının prezidenti Mehdi Taj İsrail və ABŞ ilə yaşanan son hadisələrdən sonra turnirdə iştirakla bağlı nikbin olmadıqlarını deyib. Taj, “Bu gün baş verənlər və ABŞ-ın hücumundan sonra Dünya Kubokuna ümidlə baxmağımız çətin görünür. Bu məsələdə son qərarı ölkə idmanının rəhbər şəxsləri verəcək” ifadələrini işlədib.

İran 2026 Dünya Kubokunun qrup mərhələsindəki üç oyununu da ABŞ ərazisində keçirəcək.

Komandanın 15 iyunda Los-Ancelesdə Yeni Zelandiya ilə, 21 iyunda yenə eyni şəhərdə Belçika ilə və 26 iyunda Sietldə Misirlə qarşılaşması planlaşdırılır. Həmçinin İran ilə ABŞ-ın 1/8 final mərhələsində üz-üzə gəlmə ehtimalı da mövcuddur. Bu ssenari FIFA üçün təşkilati böhran yarada bilər.

Digər tərəfdən İran Futbol Federasiyası ölkə çempionatının ikinci bir göstərişə qədər dayandırıldığını açıqlayıb. Qərar İran Liqasında çıxış edən əcnəbi futbolçulara da birbaşa təsir edib. Antonio Adanın Madridə qayıtdığı, Munir El Haddadi və İvan Sançesin isə quru yolu ilə ölkəni tərk etməyə çalışdığı bildirilib.

Qeyd edək ki, ötən günlərdə ABŞ-ın hava hücumu zamanı İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xamenei və bir sıra rəhbər şəxslər vəfat edib.