Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb.
Apasport.az xəbər verir ki, “Baku Media Center” tərəfindən ərsəyə gətirilən videoçarxda Azərbaycan cüdosunun müxtəlif nəsillərini təmsil edən tanınmış idmançılar yer alıblar.
Çəkilişlərdə Azərbaycanın cüdo üzrə ilk dünya çempionu Elxan Məmmədov, olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov, həmçinin Avropa çempionatının gümüş mükafatçısı və “Böyük Dəbilqə” turnirlərinin altıqat qalibi Balabəy Ağayev iştirak ediblər.
Videoçarxda cüdonun xarakteri, Azərbaycan cüdosunda formalaşmış ənənələr və bu irsin nəsildən-nəslə ötürülməsi vizual hekayə ilə təqdim olunub.
Qeyd edək ki, cüdo üzrə dünya çempionatı oktyabrın 4-dən 11-dək Bakıda, Milli Gimnastika Arenasında keçiriləcək.